Литмир - Электронная Библиотека

– Əllərin əcəb istidir…

– Hə, hərarətim var, – Xədicə astadan cavab verdi.

Ələddin onun səsinin titrəyişini indi, üstündən bir ilə yaxın vaxt keçəndən sonra hiss edirdi. O vaxt buna əhəmiyyət verməmişdi. Onda nə tez öz hayına qalmışdı? Bir neçə saat əvvəl Xədicə də kürəyinin ağrısından şikayətlənmişdi. Bəs o niyə Xədicəyə qayğı göstərməmişdi? Sevdiyi qadına niyə bu qədər diqqətsizlik etmişdi?

Xədicənin o günkü incikliyini yalnız indi duyurdu. Qızdırma içində yerindən durub əynində nazik gecə köynəyi soyuq otaqda onun belini ovxalayan Xədicə gözlərinin qarşısında canlandıqca bir hiss ürəyini kəlbətin kimi sıxırdı. Bu, vicdan əzabı idi. «Ay Ələddin, kürəyimi bir az ovuşdur, qulunc məni yaman incidir», – deyən arvadının zəif səsi qulaqlarında təkrar-təkrar səslənirdi. Özünün etinasızlığına görə indi elə utanırdı ki… Açıb ağarda bilməzdi bunu. Uşaqlarına necə deyəcəkdi ki, ananızın ürəyi elə o vaxtdan ağrıyırmış. Əgər vaxtında qayğı göstərsəydi, Xədicə ölməzdi. Onu ovxalamamağı bir yana, heç oğluna da deməmişdi ki, ananın kürəyi ağrıyır, bir gör nə dərdi var… Xədicə qırx il ona yoldaşlıq etmiş, bütün ağrı-acısına şərik olmuş, körpə uşaq kimi qulluğunda durmuş, hər nazını çəkmişdi. Bəs o? O niyə etinasızlıq eləmişdi? Düşünəndə ki, bu soyuq qış günündə arvadı qara torpağın altında uyuyur, yatağı ağ kəfəndən başqa bir şey deyil, özünə yer tapa bilmirdi. O, isti otaqda, qalın paltarda üşüyürdü. Bəs qışın bu sazağında Xədicə üşümürmü? Ələddin neyləyəcəyini bilmirdi. Canını qoymağa yer tapmırdı. Nə boğazına tıxanmış qəhər, nə də ürəyini sıxan kədər keçib gedirdi. «Mən necə dözəcəyəm? Sənsiz neynəyəcəyəm? Tək-tənha necə yaşayacağam? İndi mən kimə lazımam?»

Şkafın sağ gözünü açdı. Buradan Xədicənin bir neçə donu asılmışdı. Qəhvəyi rəngli, üstündə ağ dairələr olan dondan Ələddinin yaman xoşu gələrdi. Bu paltar Xədicəyə çox yaraşırdı. Köklüyünü gizlədir, onu yığcam göstərirdi. Xədicənin özünün də bu paltardan xoşu gəlirdi.

Ələddin Xədicəni həmin paltarda üz cizgilərindən tutmuş gözlərinin ifadəsinə qədər hər şeyi təsəvvürünə gətirdi. Arvadı vəfat edəndən bəri Xədicənin sifətini olduğu kimi yadına sala bilmirdi. Qırx il bir yastığa baş qoyduğu arvadının üzü yadından çıxmışdı. Kimə desəydi, buna inanmazdı. Amma səsini daim eşidirdi. Onun səsi elə hey qulaqlarında səslənirdi. Söhbətlərini olduğu kimi xatırlayırdı. Gülüşü də, deyinməyi də, mehriban danışığı da, sərt səsi də yaddaşına həkk olunmuşdu. Hər gecə səhərə kimi yuxuda onunla danışırdı. Amma sifətini görmürdü ki, görmürdü. Bu gün ilk dəfə Xədicənin sanki canlı surətini görürdü. Onun artıq həyatda olmadığına inana bilmirdi.

Paltarı bağrına basdı. Ondan Xədicənin qoxusu gəlirdi. Bir xeyli beləcə qaldı. Sonra paltarı yerinə asıb şkafı bağladı. Təzədən çarpayısına uzanıb, səhərin açılmasını gözlədi. Özünə yer tapa bilmirdi. Tərslikdən səhər də açılmaq bilmirdi…

«– Sənin ölən vaxtın deyildi, Xədicə.

– Mən ağrıyırdım.

– Bəs mənə niyə demirdin?

– Deyirdim, sən eşitmirdin».

Bu sözlər qaranlıq otaqda əsl ittiham kimi səsləndi.

Ələddinin yadına düşdü ki, Xədicənin səhhəti ilə heç vaxt maraqlanmazdı. Hər il adəti üzrə məzuniyyətini kurortlarda, sanatoriyalarda keçirən Ələddin arvadının da müalicəyə, istirahətə ehtiyacı olduğunu düşünməzdi. Ağlına da gəlmirdi ki, Xədicə xəstədir. Əslində nasaz olduğunu bilirdi, amma bunun ciddiliyi barədə fikirləşmirdi. Səhərdən axşama kimi həyət-bacada əlləşən, evin saysız-hesabsız qayğıları ilə məşğul olan Xədicə heç vaxt özü haqqında, xəstəliyi barəsində danışmazdı. Amma əlini tez-tez köksünə aparardı. Ələddin isə nədənsə buna əhəmiyyət verməzdi. İndi Xədicə xəyalına məhz əli köksündə, ağrıdan üzü dəyişmiş halda gəldi. Nə qədər çalışsa da, onu başqa cür təsəvvür edə bilmədi.

«– Mənim vəsiyyətimi uşaqlara çatdırmağı unutma, ha.

– Demişdin ki, qırxında çatdırım.

– Bu gün qırxımdır».

Ələddin yatağından qalxıb işığı yandırdı. Şkafı açıb sənədlərini, kağız-kuğuzunu saxladığı qovluğu açıb oradan qəzetlərin arasında gizlətdiyi zərfi çıxartdı. Sonra yeşiyi yerinə itələyib zərfi nəzərdən keçirdi. Onun küncləri möhkəm yapışdırılmışdı. Xədicə zərfi ölümündən bir gün əvvəl ona vermişdi.

«Görəsən, uşaqlara nə yazıb?» – deyə Ələddin fikirləşdi. Sonra saata baxdı. Səhər saat altının yarısı idi. Aynabəndə çıxanda qonaq otağında işıq yandığını gördü. «Yenə yatmayıblar», – deyə düşündü, uşaqlara ürəyi yandı.

O, qapıda görünəndə hamı ayağa qalxdı. Ələddin əli ilə onlara oturmalarını işarə etdi, özü də keçib xalçanın üstündə bardaş qurub oturdu.

– Hamı burdadır? – deyə soruşdu. – Bəs gəlinlər hardadır?

– Mətbəxdə qab yuyurlar.

– Get onları da çağır, – deyə Ələddin Çingizə işarə etdi. Gəlinlər də gəldilər. Ələddin canlığının cibindən zərfi çıxarıb Nazimə uzatdı:

– Ananızın vəsiyyətnaməsidir.

Hamı heyrət içində idi. Qızlar göz yaşlarını saxlaya bilmədilər.

– Özümü qınamaqdan ölürəm, ata. Niyə demirsən ki, anam vəsiyyətini eləyib? İnsafin yoxdumu? – Nazim qəhərlə dilləndi. Həyəcanlı baxışlar Nazimin əlindəki zərfə dikilmişdi. Nazimin əlləri əsir, zərfi aça bilmirdi. Əlindəki köz idi elə bil. Barmaqları yanırmış kimi zərfi bu əlindən o əlinə keçirirdi. Heç kim dillənməsə də, hamı səbirsizliklə Nazimə baxırdı. Axır ki, özünü ələ alıb qayçı ilə zərfin bir küncünü kəsdi, içindən dörd qatlanmış bir kağız çıxartdı, titrək səslə onu oxumağa başladı:

«Övladlarım! Bu məktub sizə çatanda mən artıq həyatda olmayacağam. Özüm Ələddindən xahiş etmişəm ki, onu dərdiniz bir az yüngülləşəndən sonra sizə çatdırsın. Bilirəm ki, oğullarım məni son mənzilə çiyinlərində aparacaqlar. Qızlarım, gəlinlərim mənim üçün ağlayacaqlar. Hamınızdan razıyam, südümü sizə, haqqımı gəlinlərimə halal edirəm. Gəlinlərimdən diləyim odur ki, qayınatalarına övlad, baldızlarına, qayınlarına bacı olsunlar. Bir-birinizə heç vaxt yad olmayın. Xeyirdə-şərdə həmişə bir olun.

Mənim üçün ağladıgınız yetər. Təki bütün analar dünyanı mənim kimi bəxtəvərcəsinə tərk eləsinlər. Axı sizi yerbəyer eləmişəm, hamınızdan arxayınam, uşaqlarınızı oynatmışam.

Bircə Çingizin balalarını görmək mənə nəsib olmadı. Eybi yoxdur, mənim də əvəzimə onları sevərsiniz.

Balalarım, nigarançılığım bircə Ələddindəndir. Sizin hər birinizin öz yuvası var, öz ailənizə, uşaqlarınıza başınız qarışacaq. Ələddin isə yetim qalacaq. Bu dünyada qoca vaxtı tək qalmaqdan böyük dərd ola bilməz. Ələddin mənə vəfalı ömür yoldaşı, sizə isə qayğıkeş ata olub. Ona görə də ondan qayğınızı əsirgəməyin. Ona tənhalığını hiss etdirməyin. Bu, Nazimlə Gülcana daha çox aiddir. İndi keçək əsas məsələyə: sizdən son xahişim var: Hamınız yığışıb məsləhət edin, Ələddinə bab bir qulaq yoldaşı gətirin. Bunu ona görə yazıram ki, Ələddinin təbiətinə yaxşı bələdəm. Sabah qocalıb əldən düşsə belə doğma övladına da dərdini deyən deyil. Vəsiyyətimə əməl etmənizi hamınızdan xahiş edirəm. Ananız Xədicə».

Nazim oxuyub qurtaranda ortalığa ağır sükut çökdü. Heç kəs danışmağa ürək eləmirdi. Ələddin yavaşca yerindən qalxdı. Öz otağına keçib Xədicənin çarpayısını qucaqlayıb, uşaq kimi hönkürdü: «Nə olardı Xədicə, heç olmasa ölümündən sonranı düşünməyəydin. Xəstəliyinə biganə olmağıma baxma, bu otağa kimsənin ayağı dəyə bilməz. Niyə məni çıxılmaz vəziyyətdə qoydun? Sağlığında qayğına qala bilmədim, öləndə də vəsiyyətinə əməl edə bilməyəcəm. Bağışla məni Xədicə, bağışla…»

SEVİNC

Hava səhərdən bəri üzünü turşutmuş uşaq kimi idi. Göyün üzü bomboz buludlarla örtülmüşdü. Günortaya yaxın elə bir yağış başladı ki, ucundan tut, göyə çıx. Əl-ayaq yığışmış küçələrdən selləmə sular axmağa başladı.

Bayaqdan yağışa tamaşa edən Gülbaharın bədənindən üşütmə keçdi. Tez pəncərədən çəkildi, divana uzanıb yun adyalı üstünə çəkdi. Amma üşütməsi keçib getmədi ki, getmədi. Bir azdan bu üşütmənin üstünə üzücü kədər də əlavə olundu. Qəhər boğazında düyünə döndü. Ürəyini elə bil nə iləsə sıxırdılar. Birdən sinəsindən hönkürtü qopdu. Neçə gündən bəri içinə dolmuş kədəri boşaldandan sonra yüngülləşən kimi oldu.

10
{"b":"746921","o":1}