–Mayor Orduxanov şəxsən yola salıb.
–Onu da Murova, ağ ayıların yanına göndəriblər. – Nə fikirləşdisə başını buladı. – Axı onları çoxdan dəyişiblər. Bu siyahını isə bizə bir aydı veriblər. Qaçanları yığa-yığa gəlib çıxmışıq.
–Kim verib o siyahını sizə?
–Zakir Hüseynov. Bir də sənə nə dəxli var kim verib. Düş gəl, bizimlə getməlisən.
–Mən düşə bilmirəm.
–Necə yəni düşə bilmirəm? Bəs ora necə çıxmısan?
–Məni bura çıxarıblar. Dedim axı, mayor Orduxanov mənə iki nəfər qoşmuşdu. Gətirib qoydular burda, çıxıb getdilər.
–Bu, deyəsən, bizimlə məzələnir e… – Hərbi polisin zabiti üzünü əsgərə tutdu. – Qalx yuxarı, onu düşür aşağı.
Əsgər qaça-qaça evə girib Umudun otağına qalxdı. Qaça-qaça da geri qayıtması bir oldu. Rəngi ağappaq ağarmışdı.
–Nooldu? Niyə qayıtdın?
–Komandir, özünüz qalxsanız yaxşıdır.
Hərbi polisin zabiti də içəri keçdi. Umud pəncərədən yerə düşmüşdü, döşəmənin üstündəydi. Zabit ona baxdı… baxdı, sonra diqqətlə siyahıya göz gəzdirdi. Doluxsundu, deyəsən, gözləri doldu, siyahı gözündə axdı. Tutulan kimi oldu və asta səslə dilləndi:
–Bizi bağışla… amma başa düş… başa düşməyə çalış… Yuxarıdan qəti tapşırıblar, hamını yığmalıyıq, koru da, şikəsti də, lalı da, karı da… Qarabağ uğrunda elliklə hücuma keçəsiyik.
Umudun anası gəldi.
–Qoymaram oğlumu aparasınız…
Hərbi geyimlilərdən səs çıxmadı.
–Bəlkə kənd sovetindən arayış alıb verim?
–Yox, ana, getsəm yaxşıdır. Gəl, mənim əsgər paltarımı geyindir. Deyəsən, müharibə hələ davam edəcək. Piyada deyiləm ki, tankçıyam. Təki məni qaldırıb tanka oturtsunlar. Atıcının ayağa ehtiyacı yoxdur, orda hər şey göz və əl ilədir.
–Biz əmrə tabeyik. Bizdən olsa… özümüz hər şeyi gördük. Amma orda bizim sözümüzə inanmayacaqlar. – Hərbi polisin zabiti anaya başa salmağa çalışdı. – Əmr olunub ki, bu siyahıya adı düşənlərin hamısı qərargaha gətirilməlidir.
Hərbi geyimlilər dinməzcə həyətə düşdülər. Hərəsi bir siqaret yandırdı.
Anası ağlaya-ağlaya Umudu geyindirdi.
Sonra onlar yenidən yuxarı qalxdılar. Ana kənardan hərbi geyimli oğlunu süzürdü. Əsgərlərdən ikisi əllərini qoşalayıb Umudu çarpayının üstündən götürdülər. Zabitin işarəsi ilə aşağı düşürməyə başladılar.
Ana dözə bilmirdi, amma özünü sıxıb saxlamışdı, cıqqırı da çıxmırdı, gözlərindən isə su sel kimi axırdı.
–Qorxma, ana! – Umud ötkəm səslə dilləndi. Sən heç narahat olma, məni bu vəziyyətdə tutub türməyə basmayacaqlar ki! Əgər vətənin bu gün mənim kimi döyüşçüyə ehtiyacı varsa, mütləq getməliyəm. Qoy məni aparıb pulemyotun arxasına oturtsunlar, tankın qülləsinə mindirsinlər. Görsünlər erməniləri necə biçirəm.
Oğlunun aparılmasını görməmək üçün üzünü divara çevirib məchul bir nöqtəyə baxan Ana isə bunları eşitmirdi, bu zaman onun başında bir uğultu, bir haray vardı. Bu haray ona tanış deyildi, heç vaxt, heç yerdə, heç kimdən belə bir haray eşitməmişdi…
“Bizi Umudsuz qoyma!” Kim idi bunu haraylayan? Ana başa düşə bilmirdi. Umudun ondan əziz, ondan yaxın, ondan məlhəm kimi ola bilərdi? Qəfildən geri çevrildi. Çevrildi ki, oğlunun arxasınca qışqırsın, amma artıq gec idi, Ana çevriləndə Umudu oturtduqları tünd göy rəngli hərbi maşın darvazanın ağzından uzaqlaşdı.
Umud onsuz qala bilməyən Vətənin harayına gedirdi. Maşının arxasınca bir müddət baxan Ana yaxşı ki, bunu başa düşüb sakitləşdi, yoxsa ürəyi partlayardı. Həyətə düşüb əllərini göyə qaldırdı, Tanrıya dua elədi: “Nə olar, ya rəbb, bizi də Umudsuz qoyma!”
Sevgi və Borc
“Fəxr eyləmə, ey bülbülü şeyda ki, çəmənim var mənim,
Qoy, fəxr eyləyim mən ki, gözəl bir vətənim var mənim”
Əliağa Vahid
Bakı – Astara qatarı İydəli keçidində bir anlıq dayanıb tərpənəcəkdi. Keçid Masallı stansiyasından üzü Lənkərana tərəf beş kilometrlik məsafədə yerləşirdi. Nadir hallarda olsa da, keçiddə düşənlərə təsadüf edilirdi. Burada qatardan düşənlər, əsasən, sərhədçilər olurdu – bəlkə də keçidi onlar üçün nəzərdə tutmuşdular.
Qatar Masallıdan tərpənən kimi orta yaşlı bələdçi Samirə xanım yaxınlaşıb ara kupelərdən birində yatmış hərbçi sərnişinin çiynindən ehmalca tərpədərək oyatdı. Asta səslə:
–Qalxın! – dedi. – Beş dəqiqədən sonra İydəlidəyik.
Bələdçi gedən kimi leytenant Osman Osmanov yatağından qalxdı. Mələfələrini və balınc üzünü götürüb bələdçinin otağına getdi. Onun yuyunaraq kupesinə qayıtması heç iki dəqiqə də çəkmədi. Ehmal hərəkətindən heç kim oyanmamışdı – kupe yoldaşları hələ də mıshamıs yatırdılar. Əşya çantasını kürəyinə geyindi, sonra çamadanını götürüb asta addımlarla vaqonun çıxışına yollandı.
–Sən nahaq burda düşürsən, oğlum. – Bələdçi Samirə hər ehtimala qarşı ona etirazını bildirdi. – Buradan bir yana çıxmaq çox çətindir. Heç olmasa gözləyib Qazmalar stansiyasında düşsəydin, oradan taksilərlə hara istəsəydin gedə bilərdin.
“Niyə bəs təlimatda İydəlini yazıblar? Əgər lazım olsaydı Qazmaları yazardılar. Yazıblarsa, deməli, burada qatardan düşmək lazımdır. Sərhədçi çekist kimi həmişə sərvaxt olmalıdır – xidmətdə də, mətbəxdə də, səyahətdə də, haradan, nə vaxt gəlib hara getdiyini heç kim görməməlidir. Yoxsa onun harası oldu sərhədçi?” Osman öz-özünə belə düşündü və fikirləşdi ki, İydəlidə düşməyi düzgündür, yoxsa iyirmi-otuz gözün vaqon qapılarına dikildiyi Qazmalarda düşmək sərhədçi işi deyil.
–Mən xidməti marşrutdan qırağa çıxa bilmərəm. Göndərişimdə də belə yazılıb. – Baş leytenant Osmanov könülsüz, lakin ciddi və rəsmi cavab verdi ki, bələdçi daha heç nə deməsin.
Bu zaman qatar sürətini azaltmağa başladı. Bələdçi açarını götürüb tambura gəldi və dayanmaqda olan vaqonun qapısını açdı, pilləkən avtomatik olaraq aşağıya uzandı. Samirə xanım kənara çəkilib düşmək üçün leytenanta yol verdi.
–Sağ olun! – Leytenant Osmanov dilucu sağollaşıb pilləkəndan yerə düşdü.
–Siz də sağ-salamat gedib çatın, həm də uğurlu xidmətlər olsun, oğlum! – Samirə xanım sanki bir ana nəvazişi ilə onun arxasınca xoş arzularını bildirdi.
Osman vaqondan üç-beş addım aralanmışdı ki, qatar yerindən tərpəndi, dayanması, bəlkə də heç beş-on saniyə çəkmədi. Gözləri dolmuş bələdçi, sanki doğma oğlunu əsgərliyə yola salırmış kimi onun dalınca səsləndi, amma qatar sürət götürdüyündən relslərlə təkərlərin sürtünməsindən alınan, getdikcə gurlaşmaqda olan səslərə qarışan bələdçinin səsindən Osman heç nə anlamadı. Qatar bir anın içində şütüyüb keçdi və zülmət qaranlığın içində əriyib yoxa çıxdı.
Ayın işığında parıldayan relslərdən başqa ətrafda heç nə görünmürdü. Osman ətrafı diqqətlə nəzərdən keçirdikdə on beş-iyirmi addımlıqda bir taxta budka onun diqqətini çəkdi. Yavaş-yavaş budkanın yanına gəldi. Taxta budkanın qapısı bağlı idi. Yol təmiri işçiləri üçün nəzərdə tutulduğunu zənn edən Osman çamadanını budkaya söykədi. Əşya çantasını da çiyinlərindən düşürüb çamadanına söykədi. Sonra bir siqaret çıxardıb yandırdı. Gecənin bu vaxtı siqaretin tüstüsünə qarışıb ciyərlərinə dolan kənd havası ona xüsusi ləzzət verdi.
Siqaretini çəkə-çəkə nə edəcəyini, gecənin bu vaxtı haraya, hansı istiqamətə və necə gedəcəyini düşünməyə, düşüncələrində gələcək zastava həyatını müəyyənləşdirməyə çalışdı. Ola bilməzdi ki, onu qarşılamağa gəlməsinlər. Komandanın əmri ona verildiyi kimi mütləqdir ki, sərhəd dəstəsi qərargahına, sərhəd zastavasına da göndərilib. Kimsə onu qarşılamağa, zastavaya qədər müşaiyət etməyə gəlməliydi? “Bəlkə onlar da bələdçi kimi Qazmalarda düşəcəyimi zənn ediblər?”
Uzaqda, harda isə çaqqalların ulaşması gecənin sükutunu pozurdu. Osman budkanın qabağında siqaret çəkə-çəkə var-gəl edir, bir çıxış yolu tapmağı düşünürdü. Elə bu zaman ağaclıqda şıqqıltı eşidildi. Budkanın böyründə, ay işığının tutmadığı tərəfdə yerə oturub dinləməyə başladı; kimsə yavaş-yavaş ona tərəf gəlirdi. Osman addım səslərini bir az da diqqətlə dinlədikdən sonra gələnin adam olduğunu yəqinləşdirdi. Tez siqaretini yerə atıb ayağı ilə söndürdü.
–Öhö…, öhhö…