Qəribəydi, heç Zakir pravadnik də onu xatırlamırdı. Salamlaşanda tanışlıq versə də Zakir elə baxdı ki, elə bil birinci dəfəydi onu görürdü. Deyəndə ki, mənəm, Umud, filan vaxtı, filan yerdə yaralanmışdım, Zakir təəssüflə çiyinlərini çəkdi, onun ağzından ikicə kəlmə söz çıxdı: “ola bilər!”
Umud bircə onu bilirdi ki, evlərinə gedir. Hardan gəlir, nədən gəlir, fərqində deyildi. Birinci plaskartda alt yerdə necə oturtmuşdularsa, eləcə də oturub qatarın tərpənməsini, yola düşməsini gözləyirdi.
Elə ki, qatar fit verib yerindən tərpəndi, Umudun canına rahatlıq yayıldı. Adam elə bil min ilin yorğunuydu, min ilin yuxusuzuydu.
Qatar dayanacaqdan təzəcə aralanmışdı ki, Umudun canına üşütmə düşdü, rahatlıq birdən gəldiyi kimi bir anın içində də yoxa çəkildi. Birdən özü-özündən şübhələnməyə başladı. O, düzgünmü minmişdi qatara? Vaqondakıların danışığı heç onların danışığına oxşamırdı. Birdən vaqona səhv minər? Yaxşı, deyək ki, Umud səhv mindi, bəs bileti yoxlayanda pravadnik hara baxırdı?
Növbəti dayanacaqda Zakir bələdçi özü Umuda yaxınlaşdı.
–Umud! – dedi. – Gəl, səni ikinci polkaya qaldıraq. Bir qadın var, uşağı ilə birgə gedir. Onlar yuxarıda yerləşməzlər, yenə aşağıda ana-bala baş-ayaq birtəhər keçinərlər.
–Nə deyirəm ki! – Umud razılaşdı.
Zakir bələdçi başqa bir pəzəvəngin köməkliyi ilə Umudu qaldırıb ikinci polkaya uzatdılar.
Daha bir dayanacaq getmişdilər ki, Zakir bələdçi yenə də gəldi.
–Mənim Umud qardaşım! – Yağlı dilini işə saldı. – Bir də bir kişi gəlib, yaşlı kişidi. Aşağı cərgələrdə yer qalmayıb, heç tualetin yanındakı bokovoy da boş deyil. Gəlsənə, icazə verəsən, onu qaldıraq sənin yerinə.
–Bəs mən harda uzanıb yatım? – Umud soruşdu və “deyəsən bunlar məni axırda döşəmənin üstünə uzadacaqlar” düşündü.
–Heç narahat olma, səni indi üçüncü polkaya qaldıracağıq. Sənin üçün nə fərqi var, təki yatmağa yer olsun. Axı sən keçmiş döyüşçüsən, canın bərkdir.
–Nə deyirəm ki! – Umud yenə də təslim oldu, amma bir şeyi başa düşə bilmədi, bilmədi ki, onun keçmiş döyüşçü olduğunu qiymətləndirirlər, yoxsa başına qaxınc eləyirlər.
Onu qaldırıb üçüncü polkaya uzatdılar. Yerinə uzundraz bir kişi çıxdı. O qədər uzun idi ki, ayaqları çöldə qalmışdı.
Bir az da getmişdilər ki, Zakir bələdçi yenə gəldi.
–A kişi, tez elə, yolpulunu ver. Ayaqlarını da yığ qarnına, az qala ortadan keçənin gözünü çıxarasan.
–Nağayırım, uzundu, yerləşmir.
–Heç olmasa revizorlar gəlib gedincə yığ.
Zakir bələdçi kişidən pulu alan kimi aşağıda uzanan arvada təpindi.
–Tez elə, sən də pulu ver, görüm.
Arvad eşələnib harasındansa əzik pul çıxarıb ona uzatdı.
–Bu nədir? – Zakir bələdçi narazılığını bildirdi. – İki nəfərə iyirmi manat azdır. Heç olmasa otuz elə. Tez elə. İndi revizor gələcək. Uşağı da böyrünə elə uzat ki, başı adyalın altında olsun, revizorlar görməsin.
–Boğular axı… – Arvad etiraz elədi.
–Qolunu başının yuxarısından elə qoy ki, adyalın altına hava getsin, boğulmasın. Revizorlar gəlib gedəndən sonra çıxar.
–Bəs deyirdin, uşağa ayrıca yer verəcəksən?
–Yer oldu, vermədim! Revizorlar bir ucdan göndərirlər. Görmürsən polkalarda iki-iki yatırlar?
–Onda mən özüm revizora deyəcəm.
–De. De, görüm sonra nə olacaq. Ana-bala hərənizə əlli manat cərimə yazacaq, qalacaxsan cıvıldıya-cıvıldıya.
Zakir bələdçi təzəcə getmişdi ki, dediyi revizorlar gəldi. Adamları saya-saya vaqonu o başa gəzdilər, bu başa qayıtdılar, birdən üçüncü polkada uzanan Umudu gördülər.
–Aha, tapdıq, bezbilet burdaymış ki!
–Qalxıb üçüncü polkaya ki, görməyək.
–Tez elə, düş aşağı!
Elə bu an aləm qarışdı bir-birinə, qışqır-bağır vaqonu götürdü başına. Danqadurunq səsindən başı getdi, qulağı cingildədi…
…Umud bir də baxdı ki, heç nə yoxdu. “Bu nə yuxuydu, mən gördüm?”
Darvazanın danqıltısı bir də gələndə gözlərini tam açdı və anladı ki, gördüyü yuxuymuş, çünki qatarda deyil, öz yatağında uzanılıydı.
“Bu nə idi, yuxuydu, gerçəy idi?” Artıq səhər idi, hava işıqlaşmışdı. Umud hamısını qarışdırmışdı. İndi xatırladı ki, o, yuxudan ayılanda gecə yarı idi. Şirin xəyalları onu yaxın keçmişinə – döyüş yollarına, yaralanmasına, İranda müalicəsinə, ziyafət-vida məclisinə aparırdı. Bəs nə vaxt yenidən yuxuya getmişdi, bundan xəbəri olmamışdı.
Yaxşı ki, yuxudan tez ayılmışdı, bir az da gec ayılsaydı, yəqin ki, evlərinə gəldiyi günü görəcəkdi. Umud həmin günü xatırlamaq istəmirdi, heç xatirindən çıxardıb unuda da bilmirdi.
Anaya qarşı, bəlkə də ən böyük amansızlıqdı – balasının qapıya müstər, şikəst, dizdən aşağı ayaqları kəsili halda gətirilməsi, Umuda görə beləydi. Ölümün çarəsi vardı, gözün yaşı quruyanadək ağlamaqdı, səs batana qədər ağı deyib vay-şivən qoparmaqdı bunun çarəsi. Bəs şikəstliyin çarəsi nəydi? Umud elə hey fikirləşirdi, bunun cavabını tapa bilmirdi…
Həmin gün anası onu görən kimi yüz ilin palıd ağacı yerə yıxılantək tirtap torpağa döşəndi. Torpağı qucaqlayıb şivən qopardı. Onun ərşə qalxan ah-naləsi bir anın içində kəndi ayağa qaldırdı. Uşaqdan böyüyə hamı Umudgilin həyətinə toplaşdı, heç atası öləndə bir belə adam yığılmamışdı.
–İlahi, mən sənə neyləmişdim ki, cəzamı belə ağır elədin?!
–Aləmlərin rəbbi, övlad acısını anaya necə qıydın?
–Axı sən adilsən, ədalətlisən, rəhimlilərin ən rəhimlisisən…
Yox, yox…
Umud bu səhnəyə dözə bilmirdi, bir daha o günü xatırlamaq istəmirdi…
Dəmirin cırıltısından hiss elədi ki, anası darvazanı açdı.
–Oğlun hanı?
Gələnlərdən hansısa anasının üstünə elə qışqırdı ki, Umud dik atıldı. Qalxıb yerinin içində oturdu, arxasını divara söykədi. Pəncərəyə pərdə asmamışdılar deyə həyət apaydın görünürdü. Darvazanın ağzında iki, ya üç nəfər hərbi geyimli anası ilə danışırdılar. Danışılanları Umud eşidirdi.
–Umudu deyirsiniz?
–Sənin başqa oğlun da var?
–Yox, elə bircə oğlum var.
–Hardadı o?
–Harda olacaq, evdə.
–Arvad kimi qaçıb evdə gizlənib. Onun yoldaşları gecə-gündüz ermənilərlə üzbəüz səngərdədirlər. Bir an belə gözlərini qırpmadan vətəni qoruyurlar. Sənin oğlun isə fərarilik edib.
Umud bunu eşidəndə dəli oldu, hirs vurdu başına, yumruğuyla divarı döyəclədi.
–Ay bala, bu nə cür danışıqdır? Mənim oğlum da sizin kimi əsgəriydi, cəbhədəydi, müharibədəydi. Oğlum orda can qoyub.
–Nə vaxt gəlib oğlun?
–Az qalır doqquz ay olsun.
–Nə? Doqquz ay? – Hərbçi əlindəki siyahıya baxır. – Bu siyahını ki, bizə indi veriblər, burda bir ay əvvəl hərbi hissəni tərk etdiyi yazılıb. Polkovnik Zakir Hüseynov özü qol çəkib siyahıya.
Zakirin adını eşitcək Umud havalandı: “O, özü məni yola salmadımı? Komandir ona dönə-dönə dedi ki, pravadnikliyinə salma, get sənədləri işlə! Axx, pravadnik, pravadnik!”
–Hə, bəlkə də bir az çox olar. Oğlum özbaşına gəlməyib ki, üstümüzə hücum çəkirsiniz…
–Kim icazə verib ona?
–Kim icazə verəcək? Böyüyü, komandiri…
–Biz onun arxasınca gəlmişik. De, öz xoşu ilə geyinsin, gəlsin, bizimlə getməlidir. Yoxsa zorla aparacağıq…
Arvadı qəhər boğdu.
–O, gedə bilsəydi, heç evdə oturardı… – Özünü saxlaya bilmədi, hönkürdü, yaylığı ilə gözünün yaşını sildi, ağzını tutdu. – Keçin… Keçin içəri… Özü ilə danışın.
–Düz deyirsən, çoxdan qaçıb rusetə getməliydi… – Onlardan biri kinayəli-kinayəli dedi.
Hərbi polisin zabiti əsgərin birinə astadan tapşırıq verdi:
–Mən belə şeyləri çox görmüşəm. Sən tez evin arxasına keç. Anası burda başımıza qatar, oğlu evin arxasından çıxıb qaçar.
Evin giriş qapısına yaxınlaşanda Umud birtəhər dirsəklənib pəncərədən onlara baxırdı. Ev kürsülü idi deyə ikimərtəbəli kimi görünürdü. Umudu görən kimi hərbi polisin zabiti dilləndi:
–Heç utanmırsan? Boyuna, buxununa bax bunun.
–Danışığını bil, mən döyüşəndə sən kənddə, kəsəkdə burnunun suyunu axıdırdın, yəqin…
–Uzun danışma, de görüm, sənə kim icazə verib?
–Mənə polkovnik Əliyev özü icazə verib.
–Polkovnik Əliyev e… Onu çoxdan çıxarıblar.