Kənddən xeyli aralanmışdılar, məktəb bir kibrit qutusu boyda görünürdü, pəncərələr isə nöqtə kimiydi, gözün bəbəyindəki nöqtədən də balaca. “Sara, mən sənə bunu çoxdan demək, ürəyimi açmaq istəyirdim, lakin sən bir daha qarşıma çıxmadın. Heç kim inanmaz ki…”
“… gör necə gözəl vətənim var. Borcunu yerinə yetirmək üçün ən ucqar yerə yollanırsan, orda da sevgin qarşına çıxır…”
Başdaşındakı şəkil
İran tərəfin gömrük məntəqəsini keçəndən sonra əlli-altmış addım gedib dayandım. Günəşdən qorunurmuş kimi əlimi gözlərimin üstünə tutdum – bu, mənim adətimiydi, gün oldu, olmadı baxanda belə eliyirdim. İndi də ərazidə sıra ilə, sırasız dayanan maşınlara göz gəzdirdim.
–Təbriz…
–Ərdəbil…
–Əhər…
Dəllalların bir-birinə qarışan səsi baş-beynimi apardı. Lap istədim əllərim ilə qulaqlarımı tıxayım, həmişə qarmaqarışıq yerlərdən kənar gəzərdim, səs-küyü heç uşaqlıqdan xoşlamazdım. Həyatımda bir neçə dəfə belə yerlərə tuş gəlsəm də öyrəşə bilmirdim, haray-həşir, vurçatlasın mənlik deyildi. Tez bir tanış maşın tapıb aradan çıxmaq, bu qaraguruhçu dəllalların baş-beynimi aparan qarğa-quzğun səslərindən canımı qurtarmaq istəyirdim.
Tanış deyəndə ki, başqa bir ölkədə mənim nə tanış maşınım olacaqdı? Burda – aləmin bir-birinə qarışdığı, beş tümən qazanc yolunda qonşusunun da hulqumunu üzməyə, ayaqlarının altına salıb tapdalamağa hazır olan yüzlərlə “ac-yalavac” ın arasında kimi tanıyırdım?
İrana gedişim üçüncü, ya dördüncü dəfəydi, dəqiq yadımda deyildi. İlk dəfə Xudafərindən, qalan vaxtları Biləsuvardan keçmişdim. Heç hansında problemim olmamışdı, gedəndə də, gələndə də rahatlıqla adlamışdım, basırığa, cığan-vığana düşməmişdim. Amma nədənsə, bu dəfə yaman ehtiyat edirdim. Elə bilirdim ki, biz tərəfi adlasam da İran tərəfi keçə bilməyəcəyəm. Gömrük işçiləri nəyi isə bəhanə gətirib məni saxlayacaq, saatlarla sorğu-suala tutub zəhləmi tökəcək, sonra da geri qaytaracaqlar, qoymayacaqlar gedib niyyətimi hasil eyləyim.
İncəvara, bu dəfə də rahatlıqla keçdim, heç bir əngəl-filan olmadı.
…Məndən altmış-yetmiş metr aralıda dayanmış bir maşın diqqətimi çəkdi. Şüşəsində bizim dildə, yəni latın əlifbası ilə “Culfa” yazılmışdı. Görən kimi tanışını, qohumunu tapmış adam təki sevindim. Neçə dəfə gedib-gəlməyimə baxmayaraq İran hərflərinə alışa bilmirdim. Heç danışıqlarına da alışammırdım, baxmayaraq ki, eynən bizim kimi danışırdılar, amma bir az sözləri uzadırdılar. Köhnə kişilər demiş, o taydakılara quşum qonmurdu…
Gəlmə olduğumu görüb hər tərəfdən üstümə düşdülər. Çağırmaqlarına baxmayaraq əhəmiyyət vermədən maşınların arası ilə keçib getdim. Arada hətta biri qolumdan tutub dartdı.
–Babaamm, haraa belə tələsirsən? İndi səni hara gonlun istəsə apararıq. Tez və rahat… Day bizi bəyənməyib yanımızdan niyə düz keçirsən?
–Babam, sizin hərflərlə yazmışıq ki, bilasıınz. Xoşun çəkir latın oxu, xoşun çəkir kiril.
Çənə döyməmək, onsuz da başa düşməyəcək, ya da başa düşmək istəməyəcəkdi deyə uzun-uzadı nəyi isə izah eləməmək, özümün də zəhləmi tökməmək xətrinə yavaşca qolumdan tutanın qolunu kənara itələyib yoluma davam etdim.
Sürücü podpresində “Culfa” yazılmış maşının yanında dayanıb üzü mən tərəfə baxırdı, bəlkə də elə mənə baxırdı, uzaqdan ona tərəf gəldiyimi görməmiş deyildi. Dəqiqləşdirmək üçün bir də podpresə baxdım. İndi nəzərimə çatdı ki, iki dəfə “Culfa” yazılıb, biri kiril, biri də latın hərfləri ilə. Gülməkdən özümü güclə saxladım; az qala on il olacaqdı ki, kirill hərflərinə “əlvida” deyib latın hərfləri ilə yazıb oxuyuruq, amma kiril hərfləri hələ də ekrandadır.
Sifətindən oxunurdu ki, sürücü Arazın bu tayındandı, bəlkə də mənə elə gəlirdi, özü də danışmasa belə naxçıvanlı olduğunu düşündüm. Nədənsə, fikirləşdim ki, Arazın Güney tayındakılar daha xoşsifət, daha məsumdular. Sovet hakimiyyəti, rustəbiətli davranış, təlim-tərbiyə onları geridə qoysa da fel-fırıldaqdan, bic-bicəngəlikdən də nisbətən kənarda saxlamışdı.
–Salam! – Yaxınlaşan kimi ucadan salamlaşdım.
–Əleyküməsalam. – Sürücü bildiyim şəxs sakitcə, lap quyunun dibindən gələn güclə eşidiləcək səslə salamımı cavabladı. Mənə elə gəldi ki, o, haray-həşirlə müştəri toplayanlardan çəkindiyi üçün astadan salamlaşır, qorxur ki, yeganə müştərisini də gəlib əlindən alacaqlar. Ancaq yüz o taylı gəlsə də mən onların heç birinin maşını ilə gedən deyildim.
Maşına nəzər saldım, salonda oturanlar vardı.
–Culfaya gedirikmi? – Podpresdəki yazıya işarə elədim.
–Allahın köməkliyi ilə Naxçıvana. – Sualımı sürücü eyni tərzdə astadan cavabladı.
–Sizdə sıxlıq olar… – Xalaxətrin qalmasın astadan pıçıldadım.
–Babam, sizdə sıxlıq olar. – Sürücü dillənməmiş qulağımın dibindən kimsə səsləndi, zalım oğlu elə bil məni güdürmüş, yana çevriləndə onu gördüm, ələngənin, yekəpərin biriydi.
Sürücü gülümsündü, nə cavab vermədi, nə də əhəmiyyət… Sonra keçib sükan arxasında əyləşdi. Mən də maşına yaxınlaşdım. Bir nəfər qabaqda, iki nəfər arxada oturmuşdu. Arxa qapını açdım, bir kişi, bir arvad idilər.
–Salam. Mən də otursam narahatçılıq olmaz ki? – Hər ehtimala qarşı soruşdum.
Onlardan səs çıxmadı.
–Həmişəki kimidir. Niyə narahatçılıq olsun ki? – Sürücü kefikök vəziyyətdə gülümsündü.
–Onda nəyi gözləyirik? – Məntiqsiz də olsa soruşdum.
–Sizi. Buyurun, əyləşin, gedək.
–İstəyirsiniz, mən arxaya keçim. – Qabaq oturacaqda oturan, məndən beş-altı yaş cavan olmasına baxmayaraq da, on-on beş kilo ağır görünən kişi təklif etdisə də razılaşmadım.
–Eyb etməz.
Salona keçib oturdum, yerimi rahatladım. Heç birimiz bir-birimizə mane olmurduq.
–Süleyman. – Tanışlıq verdim, amma heç biri buna əhəmiyyət vermədi.
–Siz Culfaya gedirsiniz? – Əvəzində sürücü heç nə eşitmirmiş kimi az qala pıçıltı ilə soruşdu.
–Yox. Üçdibinə gedirəm.
–Onda Səfərlidə düşəcəksiniz, yoxsa Tüəlidə?
–Səfərlidə.
Maşın yerindən tərpəndi.
Məhərrəm əminin qırx mərasiminə gedirdim. O, Üçdibində yaşayırdı – o taylı qohumlarımızdandı.
Şərəfnisə qocam Üçdibin qızıydı. Əslində, Şərəfnisə qocamın babasıgil Üçdibinə bizim Sürtün kəndindən köçüb getmişdilər, bunu Şərəfnisə qocam böyüklərindən, biz də ondan eşitmişdik.
Babam Hüseyxan kişi Şərəfnisə qocamı bahar bayramı vaxtı, Üçdibinə, qohumlarıgilə bayramlaşmağa gedəndə görüb bəyənib. Ailə qurandan sonra Sürtün kəndində yaşamalı olublar, daha doğrusu, Şərəfnisə qocam bura gəlin gəlib.
Kəndin başqa sakinləri kimi təsərrüfatla məşğul olurmuşlar, mal-heyvan saxlayırmışlar. Qışı Araz qıraqlarını, Hasanı bağı, Sığırt düzlərini otarır, yayı Alçalıya, Əvəlikliyə, Miyandərə yaylağına qalxarmışlar. Şərəfnisə qocamın dediyinə görə, üç yüzdən çox qoyun-keçiləri, on-on beş sağılan iribuynuzlu mal-qaraları varıymış. Sovet hökumətinin dalğası onları yaylaqdan enəndə vurub. Kiçik kəndlərin birləşdirilməsi, kollektiv təsərrüfatın yaradılması məsələsi ortaya çıxanda Hüseyxan babama bolşevik dostlarından kimsə qabaqcadan xəbər gətirib. Deyib bəs nə durmusan, təzə hökumət gəlir, əlində nəyin var, hamısını alacaq, özünü də kulak damğası ilə damğalayıb Sibirə sürgün eliyəcək. Hüseyxan babam da ha yenişə-yoxuşa fikirləşir, bir çarə tapa bilmir. Hökumətlə hökumətlik eliyəsi deyil ha… Gözün baxa-baxa on illərlə zəhmət çəkib təsərrüfat yaradasan, gəlib qapından yığıb aparalar, cıqqırını da çıxarda bilməyəsən, bir söz deyəmmiyəsən. Bununla da qane olmayalar, adının qabağına bir kulak nallayıb özünü göndərələr gedər-gəlməzə, xaraba qalmış Sibirə. Nə sənin ailə-uşağından xəbərin ola, nə onların səndən… Sonra da kim harda öldü, öldü…
“Ağıllı fikirləşincə, dəli vurub çayı keçər” deyiblər. Hüseyxan babam da fikirləşməklə çıxış yolu tapa bilməyəcəyini görüb gecə ilə təsərrüfatını sürür Arazın o tayına. Şərəfnisə qocama da tapşırır ki, hazırlaşın, bir gecə də gəlib sizi aparacam. Şərəfnisə qocamın da elə o vaxtdan gözü yolda, qulağı səsdə qalır, amma nə Hüseyxan babam onları aparmağa gəlir, nə də bir xəbərini alırlar…