–Azad! – Bundan sonra mayor Bədəlov komanda verdi. – İndi sərbəstsiniz, dağılışın.
Əsgər və çavuşlar cərgələrdən çıxıb dağılışaraq xidmət yerlərinə yollandılar.
–Siz isə gedin, istirahət edin. Nəyə ehtiyacınız olarsa baş leytenant Əzimovdan soruşun, çəkinməyin. Axşam yeməyinə də gecikməyin. Aşbaza tapşırmışam, sənin masana iki nəfərin payını qoyacaq. Sən axı səhərdən bir şey yeməmisən.
–Oldu!
Leytenant Osmanov indi hiss etdi ki, başında şiddətli ağrılar var. Əvvəlcə tibb məntəqəsinə yollandı. Orada başına buz qoydurub yarım saatadək uzandı. Sonra ona ayrılmış xidməti otağına gəldi. Səliqə-sahman yaradıb uzandı.
Səhər tezdən onu yuxudan qapının tıqqıltısı oyatdı.
–Cənab leytenant! – Qapının arxasından çaparın gur səsi eşidildi. – Sizi mayor Bədəlov çağırır.
Tez yataqdan qalxıb paltarını geyindi. Otaqdan çıxıb iti addımlarla mayor Bədəlovun dəftərxanasına yollandı.
–Cənab mayor!
Gəlişi haqqında məlumat vermək istəyəndə mayor Bədəlov onu saxladı.
–Osmanov! Kənd məktəbində sərhədçilərlə bağlı tədbir təşkil ediblər.
–Bu çox yaxşı işdir, cənab mayor. Dünən bu barədə mən sizə təklif vermək istədim, ancaq fikirləşdim ki, birdən yersiz olar. Siz illərlə qazandığınız təcrübəyə uyğun nə etmək lazım olduğunu məndən də yaxşı bilirsiniz. – Leytenant bir az fasilə verib sonra sözünə davam etdi. – Tədbirdə çıxış edib Habillə Cümşüdü “sərhədçilərin dostu” elan etmək lazımdır. Qoy onlar bundan sonra sərhədçiləri görəndə qorxub qaçmasınlar. Ərazidə rastlarına çıxan bütün şübhələr barədə dərhal sərhədçilərə məlumat versinlər.
–Bax, bunları gedib məktəbdə, toplantıda söyləyərsən.
–Cənab mayor, mən təzə gəlmişəm. hələ ki, zastavanı, qoruduğumuz ərazini düz-əməlli tanımıram. Bəlkə görüşə baş leytenant Əzimovu göndərəsiniz.
–Mən də istərdim baş leytenant Əzimovu göndərəm. Ancaq icra nümayəndəsi zəng edib müəllim və şagirdlərin səni görmək istədiklərini bildirdi. Çavuş İbrahimova tapşırmışam, özü ilə iki nəfər nümunəvi xidmət keçən əsgər götürəcək. Səhər yeməyindən sonra yola düşərsiniz. – Mayor Bədəlov bunu deyib sürmədən iki ədəd döş nişanı çıxartdı və onları leytenanta uzatdı. – Al, bunlar “sərhədçinin dostu” döş nişanıdır, Habillə Cümşüdün yaxasına taxarsan.
–Cənab mayor, o nişandan varsa, birini də verin.
–Üçüncü nişanı neyləyəcəksiniz?
–Bəlkə məktəbdə, ya kənddə elə bir fəal tapıldı ki, onun da yaxasına nişan taxası olduq.
–Yaxşı, qoy olsun. – Mayor Bədəlov siyirmədən daha bir döş nişanı çıxardıb leytenanta verdi.
Kənd çox da uzaqda deyildi – zastavanın iki kilometrliyində yerləşirdi. Leytenant Osmanov sərhədçi əsgərlərlə məktəbə çatanda saat doqquzu keçmişdi. Növbətçi müəllim onları qarşılayıb müəllimlər otağına apardı – otaq çatışmadığından məktəb direktoru da müəllimlər otağında otururdu. Direktor və müəllimlər sərhədçilərin gəlişinə çox sevindilər, ayağa qalxıb onlarla çox mehriban, lap doğmaları kimi görüşdülər. Leytenant Osmanov burada heç kimi tanımasa da, bir doğmasını axtarırmış kimi diqqətlə hamını nəzərdən keçirdi. Direktor oturduğu masadan bəridəki masanın arxasında əyləşən qarayanız suyuşirin qız ona yaman xoş gəldi, harada, nə vaxt gördüyünü, yaxud qarşılaşdığını xatırlamağa çalışdı. Deyəsən, müəllimə qız da ona altdan-altdan göz qoyurdu. “Bu nədir, yoxsa mən vuruluram, aşiq oluram?” deyə leytenant tez də nəzərlərini həmin müəllimə qızdan yayındırmağa çalışdı.
Toplantı həyətdə təşkil olundu. Əvvəlcə məktəbin direktoru çıxış elədi. Çox danışmadı, toplantıya yığcam giriş verdi. Onun ardınca iki-üç nəfər müəllim çıxış nitqi söylədi, şagirdlər sərhədçilərin şəninə yazılmış şeirlərdən parçalar oxudular. Leytenant Osmanovun nəzərləri izdihamın içində həmin o qız müəlliməni gəzirdi ki, çıxış üçün söz ona verildi.
–İndi də çıxış üçün söz dil-ədəbiyyat müəllimi Sara Bəydəmirovaya verilir.
Sara söhbəti tələbəlik illərindən saldı, tez-tez hərbi məktəblərdə təhsil alan müdavimlərlə görüşlərindən bəhs etdi, bir dəfə Sərhəd Qoşunları Akademiyasında keçirdikləri görüşdən, ayrılmaq istəmədiyi xoş təəssüratlardan danışdı.
O, danışır, leytenant Osmanovun xəyalları isə geriyə qayıdırdı, onu həmin xoş günlərə səyahətə aparırdı. Osmanov bayaqdan diqqət yetirdiyi həmin qızı xatırlayırdı, özü də yaxşı xatırlayırdı.
–İndi də söz sərhəd zastavasının nümayəndəsi leytenant Osmanova – dünənki günümüzün qəhrəmanına verilir. – Alqışlar içində ani olaraq fikir-xəyal aləmindən ayrılan leytenant Osmanov özünü cəmləşdirməyə çalışsa da tər onu basdı, birtəhər iki addım atıb qabağa çıxdı.
–Həmvətənlərim! Dövlət həm də mükəmməl qorunan sərhədləri ilə tanınar. Sərhədləri qorumaq isə millətin ən vacib vəzifəsidir. Biz sərhədçilər dövlət sərhədlərinin müdafiəsini təşkil edirik. Bu işdə hamının köməyi olmalıdır. Necə ki, dünənki əməliyyatda, Kor Miseyibin tutulmasında Habillə Cümşüd bizə lap yaxından köməklik göstərdilər. Onlar olmasaydı cinayətkar belə tezliklə yaxalanıb ifşa edilməyəcəkdi. Kim bilir, bundan sonra o, dövlət sərhədlərini neçə dəfə pozmağa cəhd göstərəcəkdi, daha hansı fitnə-fəsadlar törədəcəkdi. Zastava rəisinin əmri ilə Habil və Cümşüd “sərhədçinin dostu” döş nişanı ilə təltif olunurlar. Buyursunlar.
Alqış sədaları altında Habillə Cümşüd leytenanta yaxınlaşdılar. Osmanov əvvəlcə Habilin, sonra Cümşüdün yaxasına döş nişanlarını taxaraq onların əlini sıxıb təşəkkürünü etdi.
–Hər kəs çalışmalıdır ki, Habillə Cümşüd kimi sərhədçilərə kömək etsin. – Habillə Cümşüd daha gur alqış sədaları altında cərgədəki yerlərinə qayıtdılar və alqışlar kəsildi, gözlər leytenanta dikildi, o, çıxışını yekunlaşdırmalıydı ki, toplantı başa çatsın. – Sizin aranızda sərhədçilərin daha bir dostu var. – Leytenantın son kəlməsi izdihamı təlatümə gətirdi, hamı onu axtarmağa çalışdı. Onun kim olduğunu cərgələrdə axtardılar, leytenant susdu. Tapmadıqda sual dolu baxışlar yenidən leytenanta dikildi. Hamı həyəcanla gözlədi ki, görəsən leytenant kimin adını çəkəcək. – O insan hamınızın yaxşı tanıdığı Sara xanım Bəydəmirovadır. Onun sorağını mən hələ Akademiyada oxuyanda almışdım. Fədakar qızcığaz müdavimlərə çox köməkliklər göstərirdi, kitabxanalardan öz adına kitablar, lazım olan ədəbiyyat dərslikləri tapıb gətirirdi, vətənpərvərlik disputlarında fəal iştirak edirdi, tələbələrlə müdavimlər arasında mövzu mübadilələri təşkil edirdi. Hamımızın sevimlisinə çevrilmişdi Sara. Heç təsəvvür etməzdim ki, burada, ucqar bir dağ kəndində onunla rastlaşa bilərəm. Sara Bəydəmirova da “sərhədçinin dostu” adına layiqdir. Buyursun!
Sara xanım cərgədən çıxıb şux addımlarla leytenantın qabağına yeridi, bir anlıq baxışdılar. “Bu ki, Savalan babanın evindəki şəkilin özüdür” yadına düşdü Osmanovun, ürəkdən gülümsündü Saranın üzünə, Sara da ona gülümsündü, harda isə o da Osmanovu xatırlayırdı deyəsən.
Xəyallardan ayrılan leytenant Osmanov Saraya tərəf yarım addım atıb üçüncü nişanı onun yaxasına taxdı. Həzin əsən mehin güclə tərpətdiyi palıd yarpaqlarının yaratdığı xışıltıya bənzər qırıq-qırıq səslər çıxartdılar, yalnız ikisinin güclə eşidə biləcəyi tərzdə, yəni dodaq tərpənişindən anlaşılacaq kimi pıçıldaşdılar.
“Tanıdın?”
“Tanıdım…”
“Əhsən!”
“Xoş gördük!”
Nişan taxılma mərasimində çox qısa, amma günəşin özü qədər isti dialoq alındı aralarında. Bu isti hər ikisinin sifətini qarsdı, yanaqlar allandı. Toplantı bununla da dağıldı. Məktəb direktoru Güloğlan müəllim onları nahara dəvət etsə də qalmadılar. Leytenant Osmanov zastavaya qayıdıb olanları mayor Bədəlova danışmağa tələsirdi. Kənddən yenicə aralanmışdılar ki, o, dayandı. Ürəyi özündə deyildi deyə ayaqları getmirdi. Ona elə gəldi ki, məktəbin pəncərəsindən Sara onun arxasınca baxır. “İlahi, bu nədir, olmaya eşqə düşmüşəm, vurulmuşam? Görəsən, eşqə düşmək necə olur?” Geri qanrılıb kəndə, məktəbə, bir də açıq səmaya baxdı… “İlahi, mənə vətəni sevdirdin, vətəni sevməyi özümə borc bildim. Vətən borcu canıma, qanıma elə hopdu ki, başqa nəyəsə yer qalmadığını düşündüm! Borcumu yerinə yetirməyə gəldim, burda da qarşıma sevgimi çıxartdın!”