Литмир - Электронная Библиотека

Zərifəyə elə gəlirdi ki, bu görüş Aydından ötrü bəlkə də kiçik bir təsəlli, bir baş sığallama olacaq. Onu bu qədər sevən, yolunda hər cür fədakarlığa hazır olan bu adamın ürəyinə həmin görüş xoş bir sərinlik yayacaq. Bəzən Zərifə qorxu içində düşünürdü ki, bu görüşdən sonra Aydının gözlərində adiləşəcək, zirvədən aşağı diyirlənəcək, onun üçün həyatdakı adi qadınlardan birinə çevriləcək. O, bunu istəmirdi. Aydının gözündə adiləşməkdən qorxurdu. Bunun xudpəsəndlik olduğunu bilsə də, Aydının ona olan məhəbbətinin azalmasını istəmirdi. Lakin görüşdən sonra Aydın ona möhkəm bağlana da bilərdi. Zərifəyə əli çatandan sonra daha da çılgınlaşa bilərdi. Zərifəni ən çox qorxudan da elə bu idi.

…Zərifə ərinin açılmamış yatağına baxdı: ötən gecə də gəlməmişdi. Qısqanclıq gürzə kimi yenidən ürəyində baş qaldırdı. Ağır düşüncələr içində geyinib evdən çıxdı. Təyin olunmuş vaxta hələ çox qalırdı. Ona görə də küçələri dolaşmağa başladı. Özünü ağır bir cinayətə hazırlaşan adam kimi hiss edirdi. Zərifəyə elə gəlirdi ki, küçədən ötənlərin hamısı ona baxır, ürəyindən keçənləri gözlərindən oxuyur, şərəfsiz hərəkətinə görə onu ittiham edirlər. Keçirdiyi sonsuz həyəcandan sifəti pörtmüşdü. “Bəlkə getməyim?” – deyə fikirləşdi, lakin birdən Aydını gözləri önündə canlandırdı. Onun nə hala düşəcəyini təsəvvür edəndə həmin fikirdən daşındı. Bu zarafat ona baha başa gələ bilərdi. Yox, getməli idi, artıq qərar qəbul edilmiş, ox yayından atılmışdı.

Ürəyindəki ittihamçı elə hey xatırladırdı: “Sən uçurum qarşısındasan, pozğunluğa doğru gedirsən”. Ərlərinə xəyanət edən pozğun qadınlara həmişə nifrət etmişdi. İndi özü onlardan birinə çevrilirdi. “Pozğun”. Bu söz onu diksindirdi. Deməli, bu gündən etibarən əvvəlki ismətli, namuslu Zərifə öləcək, onun yerində başqa bir Zərifə doğulacaqdı. Birdən Aydının dünən ona dediyi sözlər yadına düşdü: “Mən səndən çox şey istəmirəm, Zərif, bircə saat yanımda ol. Eləcə əllərini əllərimə alıb gözlərinə tamaşa edəcəyəm. Mənə daha heç nə lazım deyil”.

“Doğrudanım Aydın məni bu qədər sevir? Axı nəyə görə? Hansı cəhətim məni ona bağlayıb? Bu, adi bağlılıq, adi məhəbbət deyil. O, mənə pirə sitayiş edən kimi səcdə edir. Məhəbbətini sınamağa ehtiyac varmı? Axı bir il deyil, on il deyil.” Bu fikirlər onu bir qədər sakitləşdirdi. Lakin onun ardınca şübhə dilə gəldi: “Aydının əvvəllər yerin dibindən qaynayan bulaq kimi sakit məhəbbəti son vaxtlar təlatümlü, fırtınalı dənizə çevrilib. Bu, səni qorxutmurmu?”

* * *

Onlann görüşəcəkləri ev Bakının mərkəzindəki sakit məhəllələrdən birində, dar dalanda yerləşirdi. Bura Aydının böyük qardaşının evi idi. O, ailəsi ilə üç illiyə xaricə işləməyə getmişdi. Aydın hərdən bura gəlib evə baş çəkirdi. Zərifə bunu bilirdi. Qorxa-qorxa, arxasınca gələnin olub-olmadığını yoxlaya-yoxlaya, atdığı addımın yalnışlığım, etdiyi hərəkətin ağılsızlığını bir daha dərk edə-edə binanın birinci blokunun ikinci mərtəbəsinə qalxdı.

Zəngi çalmaq istəyəndə qapı yavaşca açıldı: Aydın qapının ağzında dayanmışdı. Onun bütün görkəmindən elə bəxtiyarlıq, elə özündən razılıq yağırdı ki, bu, nədənsə Zərifəni hirsləndirdi. Onsuz da əsəbi olan Zərifənin kefinə elə bil soğan doğradılar. Lakin bunu hiss etdirməməyə çalışdı. Salam verib içəri keçdi.

– Sən gəldin? Sən gəldin? – Aydın gözlərinə inanmırmış kimi sevinclə bu sözləri təkrar edib onun çiyinlərini qucaqladı. Aydının belə tez, belə üzlü halda ona yaxınlaşması Zərifənin xoşuna gəlmədi.

Dayan, neynirsən? – dartınıb onun əllərindən xilas oldu. Divara söykənib soyuq baxışlarla əvvəl Aydını, sonra isə otağı nəzərdən keçirdi.

Stolun üstündəki güldandakı qızılgüllərin ətri otağı bürümüşdü. Boşqablarda armud, qoz ləpəsi, badam içi qoyulmuşdu. “Gör nə canfəşanlıq edib”, – deyə fikirləşdi. Nədənsə bunlar Zərifəni hövsələdən çıxardı. Ümumiyyətlə, bu mənzilə qədəm qoyduğu andan hər şey onu cin atına mindirirdi. Atdığı addımın ağılsızlığını yalnız indi bütün dərinliyi ilə anladı. Özünə də, Aydına da bərk acığı tutdu. Gəldiyi cəmi bir neçə dəqiqə idi, amma o, getmək, onun üçün qurulmuş bu könüllü cələdən təcili qurtulmaq barədə düşünürdü.

– Niyə ayaq üstə durmusan? Keç otur. – Aydın mehribanlıqla dilləndi.

– Niyə danışmırsan? Yoxsa gəldiyinə peşman olmusan?

– Əlbəttə peşman olmuşam. Özümdən zəhləm gedir, Aydın. Gör nə ağılsız iş tutmuşam. – Zərifə boğuq səslə cavab verdi.

– Gəl ürəyini üzmə, qanını qaraltma, – Aydın onu ərklə, məhrəmanə tərzdə divanda oturdub çəkmələrini soyundurdu, yumşaq məs geyindirdi. Sonra isə yalvancı tərzdə dedi: – Xahiş edirəm, stolun arxasında otur.

Zərifə könülsüz halda onun dediyinə əməl etdi. Aydın sevincək halda konyak şüşəsinin qapağım açıb ondan badələrə süzdü. Birini Zəri fənin, o birini isə özünün qabağına qoydu. Bu da Zərifəni özündən çıxardı: “Elə bilir şərab içməkdən çox elə xoşum gəlir”.

– Mən içməyəcəyəm, – Zərifə qətiyyətlə badəni kənara itələdi.

Aydın elə təəccübləndi ki, sanki Zərifə hansısa bir taleyüklü məsələnin həllindən yayınırdı:

– Nə danışırsan? Mütləq içməlisən.

– Dedim ki, içməyəcəyəm. Məcbur eləsən, indicə çıxıb gedəcəyəm. – Zərifə əməlli-başlı incidi. Onun kəskinliyi Aydını geri çəkilməyə məcbur etdi.

– Yaxşı, özün bilən məsləhətdir. Mən isə sənin sağlığına içəcəyəm.

Aydın badəni başına çəkdi. Sonra onu təzədən konyakla doldurub:

– Bunu isə içirəm ikimizin sağlığına, – deyib onu da içdi.

Zərifə heç cür özünə gələ bilmirdi, o, Aydını söz yağışına

tutmuşdu:

– Bura gəlməklə nə qədər ağılsız hərəkət etdiyimi fikirləşəndə az qalıram dəli olam. Mənə elə gəlirdi ki, bu görüş hər ikimizə bir təsəlli olar. Amma belə deyilmiş. Rəşidi necə sevdiyimi bu dərəcədə anlamamışdım. Həyatda heç kəsi onun qədər istəməmişəm, yəqin ki, bundan sonra da istəməyəcəyəm.

– Mənə bunları deməkdən ötrü gəlmisən? – Aydın acı-acı güldü.

Zərifə onun ürəyinin incə telinə toxunduğunu başa düşdü:

– Məni bağışla, Aydın. Gərək sənə deməyəydim.

Aydının gözləri yaşardı:

– Bəs mənə yazığın gəlmir? Gör neçə illərdir arxanca sürünürəm. Doğrudanım ürəyində mənə qarşı zərrə qədər də istək yoxdur?

Aydının göz yaşlan Zərifəni yumşaltmaq əvəzinə bir az da hövsələdən çıxardı.

– Özümü çox məcbur etmişəm, amma alınmayıb. Nə etməli, həyat təzadlarla doludur. Bilirəm ki, Rəşid məni sevmir, amma buna baxmayaraq başqa heç kəsə bağlana bilmirəm. İncimə, Aydın, nə edim, ürəyimə hökm edə bilmirəm. Mən həqiqəti sənə deməliyəm. Səni sevmirəm və heç vaxt da sevməyəcəyəm. Özümü yaxşı tanıyıram.

Aydının gözlərinin ifadəsi dəyişdi. Bayaqkı səmimi baxışlarda indi həris və çılğın işartı közərirdi.

– Eybi yoxdur, sevmə, Zərif, səndən incimirəm. İndi yanımda olmağın, belə yaxından sənə tamaşa edə bilməyim özü xoşbəxtlikdir. – Aydın bunu deyib bir göz qırpımında onu qucağına alıb qonşu otaqdakı çarpayıya tərəf apardı. Bunu ovunu parçalamağa hazır olan pələng cəldlyi ilə elə ani etdi ki, əvvəl Zərifə onun məqsədini başa düşə bilmədi. Özünü çarpayıda görəndə sarsılıb:

– Nə edirsən, burax məni, burax! – deyə çığırdı. Lakin Aydın ona əhəmiyyət vermədən kobudcasına Zərifənin əynindəki paltarları çıxarırdı. Zərifə paltarlarını tutub saxlamağa çalışır, Aydın isə vəhşicəsinə onları çıxarmaqda davam edirdi. Artıq Zərifənin əynində yalnız alt geyimi qalmışdı. O, Aydının qarmaqlarından qurtulmaq üçün var-gücü ilə çalışır, amma gücü çatmırdı. Nəhayət, bütün daxili qəzəbini toplayıb var – gücü ilə onun üzünə sillə çəkdi. Aydın elə bil yuxudan ayıldı. Onun əlləri boşaldı. Döşəmədə ayaqlan üstə çömbəlib başını aşağı saldı. Nə etdiyini, necə kobudluğa yol verdiyini sanki in-di anladı. Zərifəyə qarşı necə vəhşilik etdiyini başa düşdü. Heyvani hisslərinin selini başlı-başına buraxdığına görə özünü ittiham etdi.

Zərifə əlləri ilə üzünü tutmuşdu. Təhqir olunmuş, alçalmış adamlar kimi səssizcə ağlayırdı. Bədəni Aydının qarmaqlarından qıpqırmızı idi. Bundan mütəəssir olan Aydın onun çiyinlərini qucaqlayıb öpməyə başladı. Zərifə daha dartınmır, müqavimət göstemirdi, buna onun taqəti qalmamışdı. Yaman yo-rulmuşdu. Bu nəvazişlərdən. Aydının atəşli öpüşlərindən xoşhal olmurdu. Aydının odlu dodaqlan onun hisslərini oyatmırdı. Aydından zəhləsi gedirdi, ona nifrət edirdi, onu dünyalar qədər sevən, yolunda həyatından keçməyə hazır olan bu adamdan o, iyrənirdi.

14
{"b":"747170","o":1}