Литмир - Электронная Библиотека

Birdən belə fikirləşdiyinə görə öz-özündən utandı. Aydına yazığı gəldi. Ayaqlarına yıxılmış bu adam onun yadına Hüseyn Cavidin sözlərini saldı: “Siz qadınlar ayaqlarınıza qapananları təhqir edər, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız!” Elə bil bu sözlər Zərifə üçün deyilmişdi. O, Aydını qucaqlayıb oxşamaq, öpüşlərinə cavab vermək istədi. Lakin bu, bircə an çəkdi. Onun sarışın saçlarını sığallamaq üçün qaldırdığı əlləri sözünə baxmadı. “Hər şey necə də mürəkkəbdir. Sevmədən xəyanət etmək də olmazmış”, – deyə fikirləşdi. Onun bura gəlməyi, Aydının hissləri ilə oynamağı böyük səhv idi. Tutduğu işin ağılsızlığını bir daha anladı. Güclə eşidiləcək səslə Aydına dedi:

– Bir də mənə yaxınlaşsan, ömürlük səni dindirməyəcəyəm.

– Sən məni bu halda qoyub gedə bilməzsən.

Aydın kallaşmış səslə, az qala qışqıra-qışqıra dedi. Zərifənin dinmədiyini görüb yalvarıcı nəzərlərlə ona baxdı. Lakin Zərifə onun qan çəkmiş, yadlaşmış gözlərinə baxmırdı. O, heç nə demədən paltarını geyinməyə başladı. Aydın paltan onun əlindən almaq, geyinməyinə mane olmaq istədi.

– Get, mənə su gətir, – Zərifə əmr elədi. Aydın suyu gətirənə kimi Zərifə artıq geyinib yataq otağından çıxmışdı. O, əlləri əsə-əsə suyu içdi. Aydının üzünə baxmadan:

– Qapını aç, gedirəm, – dedi.

– Necə? Gedirsən? Axı gəldiyin heç on dəqiqə deyil. – Aydın təşvişə düşdü. Lakin Zərifənin əməlli-başlı titrədiyini görüb qorxuya düşdü. – Zərif, sənə nə olub? Bir yerin ağrımır ki? – deyə əl-ayağa düşdü. Onun əllərini ovuclarına alanda bumbuz olduğunu görüb həyəcan içində onu divanda oturtdu. Zərifə yalvarış dolu səslə dilləndi:

– Burax məni. Yalvarıram sənə, gözümdən düşmək istəmirsənsə, qapını aç gedim.

– Qorxma, Zərif, daha əlimi sənə toxundurmayacağam. Eləcə otur. Bir az özünə gəl.

Zərifə daha söz demək iqtidarında deyildi. O, başını divana söykəyib gözlərini yumdu. Elə yorulmuşdu ki, ayağa qalxmağa taqəti yox idi. Özünü pis hiss edirdi. Aydın cəld o biri otaqdan adyal gətirdi, onunla Zərifənin üstünü örtdü.

– Vəhşilik etdiyimə görə məni bağışla. Özümdən asılı olmadı. Amma məni də başa düş. Səni yanımda görəndə özümü itirdim, hisslərimi cilovlaya bilmədim.

Aydının pıçıltılı səsi Zərifəyə qətiyyətini qaytardı. O, adyalı üstündən atıb ayağa qalxdı:

– Bu dəqiqə qapını açmasan, sənə ömrüm boyu nifrət edəcəyəm.

– Sənə yalvarıram, ayaqlarına döşənirəm, Zərif!

Aydın doğrudan da onun ayaqları altında yerə döşəndi. Lakin bu hərəkəti Zərifəni daha da hövsələdən çıxardı:

– Alçalma, Aydın, sənə yaraşmır. İstəmirəm ki, alçalasan. Qalx ayağa!

– Demək mənə rəhmin gəlməyəcək, hə?

– Sən bu saat elə haldasan ki, onsuz da heç nəyi başa düşməyəcəksən. – Zərifə qapıya san getdi. Lakin Aydın ona qapını açmağa imkan vermədi. Zərifə boğuq səslə:

– Mənə zərrə qədər hörmət edirsənsə, burax gedim, – dedi.

Aydın daha heç nə demədi. Qapını açıb bir kənarda dayandı. Zərifə özünü bayıra atdı. Azadlığa çıxmış məhbus sevinci ilə qaça-qaça pilləkənləri düşdü. Buradan, onu bu qədər alçatmış, əzmiş, təhqir etmiş bu məkandan bacardıqca tez uzaqlaşmaq istəyirdi. Taksi saxlayıb mindi.

Evə çatanda əl çantasını bir kənara atıb üzüqoylu divana yıxıldı. Xeyli vaxt beləcə uzanılı qaldı. Düşünmək, nəticə çıxarmaq iqtidarında deyildi. Bütün əzaları ağrıyırdı. Aydının kobud barmaqlarının ağrısını, odlu dodaqlarının təmasını bədəninin hər yerində hiss edirdi.

Birdən telefon zəng çaldı. Əvvəl dəstəyi götürmək istəmədi. Amma telefon aramsız olaraq səslənirdi. Nəhayət, əlini dəstəyə uzatdı. Aydın idi:

– Mənəm, Aydın. Eşidirsənmi? Axşama kimi sənə vaxt verirəm. Əgər qayıdıb yanıma gəlməsən, hər şeyi açıb Rəşidə deyəcəyəm.

Elə bil danışan Aydın deyil, hansısa uzaq planetdən gəlmiş yad bir adam idi. Səsi elə soyuq idi ki, Zərifə üşüdü.

– Nə? Nə dedin? – o, qulaqlarına inanmadı.

– Eşitdiyini. Əgər qayıdıb bura gəlməsən, hər şeyi ərinə danışacağam.

– Axı nəyi danışacaqsan? Bizim ki, aramızda heç nə olmayıb.

– Xeyr, olub, sən mənimlə olmusan.

Zərifə eşitdiklərinə inanmadı.

– De, Aydın, nə istəyirsən de. – Zərifə taqətsiz halda dəstəyi yerinə asdı.

* * *

Gecə yarısı qapı zərblə döyüldü. Zərifə diksinib yatağından qalxdı, həyəcandan ürəyi sıxıldı. Qaranlıqda ayaqları ilə başmaqlarını axtardı. Bir tayını ayağına keçirtdi, amma o biri tayını tapa bilmədi. Hirslənib o biri başmağını da soyundu. İşığı yandırmadan qapıya getdi. Açar yerindən kəskin araq iyi onu vurdu. Qapını açıb ərini içəri buraxdı. Rəşidin içkidən qızarmış qəzəbli sifətini görəndə her şeyi anladı: Aydın dediyinə əməl etmişdi. Rəşid salam vermədən, kəlmə kəsmədən otağa keçdi. Zərifə də ürəyi əsə-əsə onun ardınca içəri girdi. Birdən üzündə açılan şillədən müvazinətini saxlaya bilməyib yanındakı stula aşdı, aradan da yerə yıxıldı. Bu, elə ani, elə tez baş verdi ki, Zərifə özünü itirib bir kəlmə söz deyə bilmədi. Rəşid onun yaxasından tutub ayağa qaldırdı, indi də o biri yanağına sillə çəkdi. Sonra isə yumruqlan ilə onun bədəninə ağır zərbələr endirməyə, söyüşlər yağdırmağa başladı. Zərifə ağrıdan qovrulsa da, səsini çıxarmırdı. Qəribə bir inadla, bircə damla göz yaşı axıtmadan bütün bunların nə ilə bitəcəyini gözləyirdi. Onu qəribə bir etinasızlıq, heyrətamiz bir biganəlik bürümüşdü. Daxili sakitliklə, inadcıl təmkinlə bunun nə ilə qurtaracağını gözləyirdi. Hər şeydə olduğu kimi bunda da bir sonluq olmalı idi. Bu sonluq bir saatdanmı, yarım saatdanmı, haçansa gələcəkdi. Bircə səbr etmək lazım idi. “Səbr ilə açılar bağlı qapılar”, – deyə öz-özünə təlqin edirdi.

Rəşid, nəhayət, yorulub stulda oturdu. Arvadının üzünə baxmadan dedi:

– Paltarlarımı yığ, həmişəlik gedirəm. Sənin kimi əxlaqsız qadınla bir damın altında qala bilmərəm.

Zərifə mütiliklə ərinin paltarlarını yığmağa başladı. Heç nə soruşmadı, heç şey demədi. Nəhayət, işi sona çatdıranda Rəşid iri yol çantasını götürüb boğuq səslə:

– Sənədlərini hazırla, məhkəmə yolu ilə ayrılacağıq, – dedi. Sağollaşmadan qapını çırpıb getdi.

Zərifə onun arxasınca qapını qıfıllayıb otağa qayıtdı. Nə ağlamağa, nə də düşünməyə taqəti qalmamışdı. Elə paltarlı halda divanda uzandı. Onun üçün zaman, vaxt məfhumu öz mənasını itirmişdi.

Səhər yuxudan oyananda güzgüdə özünü görüb qorxdu. Üzü, bədəni başdan-başa göy ləkələrlə örtülmüşdü. Bunlar Rəşidin yumruqlarının izləri idi. Bu görünən yaralar onu ağrıtmırdı. Qəlbində daha böyük, daha dərin yaralar göynəyirdi. Bu görünməyən yaralar onu öldürürdü. Başını dəhşətli bir ağrı bürümüşdü. İlıq duşun altında bir xeyli dayandı. Qurulanıb üz-qözünü səliqəyə salmaq istədi. Lakin nə qədər çalışdısa da göyləri heç cür gizlədə bilmədi. Bu halda işə gedə bilməzdi. Yenidən divana uzandı. Gözlərini yumub dünənki hadisələri beynində saf-çürük etməyə başladı. Qəribə bu idi ki, Rəşidin gedişi onu zərrə qədər də ağrıtmamışdı.

Əslində o, Zərifənin həyatından çoxdan getmişdi. Asya onu çoxdan Zərifənin əlindən almışdı. Dünən ona əl qaldırmaqla, onu “əxlaqsız” adlandırmaqla isə o, Zərifə üçün həmişəlik ölmüşdü. Rəşid on beş ildə onun vəfasını, sədaqətini, fədakarlığını, məhəbbətini qiymətləndirməmişdi. Ani səhvindən isə tez xəbər tutmuşdu. Lakin Zərifəni ən çox heyrətləndirən Rəşidin qəribə soyuqqanlığı idi. O, Zərifədən heç nə soruşmadan, həqiqəti öyrənmədən. Aydının dediklərinin doğru olub-olmadığını yoxlamadan arvadını dəhşətli şəkildə cəzalandırmışdı. Onunla küçə qadını ilə edilən kimi rəftar etmişdi. İllərdən bəri ailəsinə xəyanət edən, bundan heç bir mənəvi əzab çəkməyən, ən yaxın adamını ağır iztirablara məniz qoyan bir adam onu xəyanətdə suçlamışdı.

Zərifə ürəyində bu vaxta qədər hiss etmədiyi qəribə bir yüngüllük duyurdu. O, buxovdan azad olmuşdu. Dünənki hadisəyə o, ürəyində minnətdar idi. Yoxsa rəsmən aynlmaq onlar üçün çətin olacaqdı. Dünənki hadisə isə hər şeyi həll etmişdi. Bir şey onun üçün aydın olmuşdu: o. Rəşidin yolunda böyük bir maneə idi. Bu maneəni yox etməyə Rəşid çoxdan fürsət axtarırdı. Sakit, mehriban, dərdkeş Zərifə buna imkan vermirdi. Kim bilir, bəlkə dünənki hadisə olmasaydı, onlar ömürlərini beləcə başa vuracaqdılar. Rəşid fikri-zikri Asyanın yanında olduğu halda, öz evində qonaq kimi dolanacaq. Zərifə isə qadın üçün ən böyük dərd olan sevilməmək cəzasını çəkə-çəkə günləri aylara, ayları illərə calaya-calaya yaşayacaqdı. Bir evdə iki yad fərəhsiz ömürlərini sürməyə məhkum ediləcəkdi.

15
{"b":"747170","o":1}