Литмир - Электронная Библиотека
A
A

Qəbul edilən qərara əsasən Azərbaycan ərazisində qaçqınlara dəmir yolundan pulsuz istifadə etmək icazəsi verilmişdi. “Azərbaycan dəmiryolunda qaçqınların pulsuz gedişinə icazə verilməsi barədə” 1918-ci il 1 avqust qərarına əsasən Azərbaycan dəmir yollarında qaçqınların pulsuz gedişinə hər dəfə qaçqınların siyahı ilə qaçqın təşkilatının nümayəndəsinin fikirlərinə görə icazə verilməli idi.[74]

Cümhuriyyət hökuməti və parlamenti qaçqınlar probleminin həllinə xüsusi diqqət yetirir, bu problemi mütərəqqi yollarla, milli ayrı-seçkiliyə yol vermədən həll etməyə çalışırdı. Bu problem dəfələrlə Nazirlər Kabinetinin və Parlamentin iclaslarında müzakirə edilmişdi.

1919-cu ilin iyul-dekabr aylarında, 1920-ci ilin yanvarında Cümhuriyyət parlamentinin keçirilən iclaslarında İrəvan quberniyası və Zəngəzurdan olan qaçqınların vəziyyəti, onların yerləşdirilməsi müzakirə olunmuşdur. 1919-cu il iyulun 17-də keçirilən iclasda Zəngəzur qaçqınlarına 18 milyon 750 min manat buraxılması barəsində qanun layihəsi səsə qoyulur. Qanun layihəsi əksəriyyət səslə qəbul olunur.[75]

1919-cu il iyulun 27-də keçirilən iclasın gündəliyinə Zəngəzur qaçqınlarına yardım etmək üçün göndərilən heyətə parlamentdən bir üzvün seçilməsi məsələsi daxil edilmişdir. Lakin məsələ həll edilməmiş qalır.[76]

Azərbaycan hökuməti özünün ağır vəziyyətdə olmasına baxmayaraq, Gürcüstanda yaşayan yoxsul müsəlman əhalisinə də yardım edirdi. Belə ki, 1920-ci ilin martında hökumət tərəfindən Axalsix və Axalkələki qəzalarının yoxsul əhalisinə 140000 manat pul verilmişdi.[77]

1919-cu il aprelin 5-də Gürcüstan Respublikasının Axalsıx qəzasındakı müsəlman qaçqınlara köməyin təşkil edilməsi haqqında qanunla, Gürcüstandakı diplomatik nümayəndəyə gürcü hökuməti ilə təcili şəkildə razılıq alıb, Axalsıx qəzasındakı zərərçəkmiş müsəlmanlara diplomatik nümayəndəliyin vəsaitindən 200 min rubl buraxılması istənilir.

Himayəçilik nazirliyinin fəaliyyət istiqamətlərindən biri də xaricdə yaşayan müsəlman qaçqınlarına kömək etməkdən ibarət olmuşdu. 1919-cu il fevralın 17-də “Ermənistanın müsəlman əhalisinə yardım göstərilməsi barədə” qanunu ilə: 1) Ticarət və sənaye nazirlıyinin neft sənayesindən əldə olunan neft məhsullarının üçdə birinin Milli İqtisadiyyat Şurasının hesabına buraxılmasına göstəriş verilir. 2) Ticarət və sənaye nazirinin Ermənistandakı müsəlman əhalisinin ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəsinin sərəncamına bu kerosinin üçdə birindən təxminən 20 min pud sərbəst buraxması barədə göstəriş verilir. 3) Ermənistandakı Azərbaycan diplomatik nümayəndəsinə hesabat verilsin ki, Müsəlman əhalisinə qaçqınlarına göstərilən miqdarda kerosini İrəvan Müsəlman Milli Komitəsi vasitəsilə satılsın və gəlirdən 500 min həmin komitə vasitəsilə qaçqınlar arasında paylanılsın. 4) Himayədarlıq nazirliyindən bu kerosinin İrəvana daşınması ilə bağlı bütün xərcləri öhdəsinə götürmək xahiş olunur.

1919-cu il fevralın 28-də cənub-qərbi Azərbaycanda general-qubernatorluğun yaradılması haqqında qanunda “hökumətin 6 dekabr 1918-ci il tarixli sərəncamına əsasən, Ermənistandakı diplomatik nümayəndəsinə bir milyon rubldan yüz əlli mini (150000) Ermənistan Respublikası ərazisində yaşayan müsəlman qaçqınların ehtiyacları üçün, qalan səkkiz yüz əlli min (850000) rublu isə cənub-qərbi Azərbaycan qaçqınlarına yardım etmək üçün general-qubernatorun (Bəhram xan Naxçıvanski) sərəncamına verilməsi” və “Himayədarlıq nazirinə bu bölgənin qaçqınlarına maddi yardım göstərmək üçün iş planı təqdim etməyi barədə təlimat verilməsi” öz əksini tapırdı.[78]

“Ermənistanın aclıq çəkən əhalisinin (Ermənistandakı müsəlman əhali nəzərdə tutulur.-N.X.) ehtiyacları üçün rüsumsuz 5000 pud buğdanın buraxılmasına icazə verilməsi” haqqında 1919-cu il 30 aprel qanunu ilə Mərkəzi qaçqınlar komitəsi rüsumsuz 5 min pud buğdanın ixrac olunmasına icazə verir.

“İrəvan quberniyasının müsəlman-qaçqınlarının ehtiyacları üçün vəsaitlərin buraxılmasına dair” 1919-cu il 19 may qanununda nəzərdə tutulurdu:

1) İrəvan Müsəlman milli komitəsinə Ermənistandakı diplomatik nümayəndənin sərəncamında olan məbləğdən 200 min rubl İrəvan quberniyasının müsəlman qaçqınlarının ehtiyacları üçün ayrılır;

2) Xüsusi təftiş və tədqiqat komissiyasına hökumətin həmin ilin 26 fevral tarixli fərmanına görə A.X. İrəvanskiyə verilmiş kerosin məsələsini aydınlaşdırmaq təklif olunur.

1919-cu il iyunun 6-da “Rüsumsuz olaraq 10 min pud un və buğdanın Ermənistandakı müsəlman qaçqınların ehtiyaclarını ödəmək üçün buraxılması” qanununa əsasən maliyyə nazirinə 10 min pud un və buğdanın Ermənistan sərhədlərinə rüsumsuz olaraq göndərməsinə dair təlimat verilir.

Ermənistandakı azərbaycanlı qaçqınların problemini həll etmək üçün Cümhuriyyət Nazirlər Şurası 1919-cu il iyunun 7-də Himayəçilik nazirliyinin müvəkkili vəzifəsini yaradır. 1919-cu il iyulun 8-dən etibarən vəkil Zülfüqar bəy Makinski Himayəçilik nazirliyinin İrəvanda müvəkkili kimi işə başlayır.

Cümhuriyyət parlamenti 1919-cu il iyulun 17-də “Ermənistanda yaşayan müsəlman qaçqınların vəziyyətini yaxşılaşdırmaq məqsədilə Himayədarlıq nazirliyinin smetadan əlavə 3000000 rubl vəsaitin ayrılması haqqında qanun layihəsi” qəbul etdi. Azərbaycan hökuməti müsəlman qaçqınların Ermənistanda kütləvi ölümünə biganə qala bilməzdi. Bu səbəbdən təcili 3 milyon rubl vəsaitin ayrılması və buğda ilə un alınıb Ermənistana göndərilməsi və müsəlman qaçqınların aclıqdan ölüb, qırılmasının qarşısını almaq qərara alındı.[79]

1919-cu ilin iyulunda 3 milyon manat vəsait ayrılır. Bu vəsait hesabına İrəvandakı azərbaycanlı əhaliyə 15 vaqon un, taxıl, arpa göndərilir.

1918-ci ilin aprel ayında erməni-rus birliklərinın Şamaxı qəzasında törətdikləri qırğınlardan sonra Nikolayevka, Mariyevka, Astraxanka və Çuxuryurd kəndlərində yaşayan rus icması Stavropol quberniyasına köçmüşdü. 1919-cu il fevralın 17-də “Qaçqınların yerləşdirilməsinin tənzimlənməsi üzrə üçün Şamaxı qəzasına komissiya ezam edilməsi haqqında” qanuna əsasən Şamaxı qəzasında olan – Əkinçilik, Daxili işlər və Himayədarlıq nazirliklərinin nümayəndələrindən ibarət komissiyaya qaçqınların sözügedən vilayətdə yerləşməsi və köçürülməsi məsələsini həll etmək tapşırılır.[80] 1919-cu ilin iyun ayında rus icmasının üzvləri (37 ailə, 194 nəfər) Azərbaycanın Tiflisdəki Diplomatik Nümayəndəliyinə müraciət etmiş, Şamaxıya qayıtmaq üçün Tiflisdən Bakıyadək pulsuz dəmiryol bileti verilməsini xahiş etmişdilər. Cümhuriyyət hökuməti rus qaçqınlarının maneəsiz olaraq Şamaxıya qayıtmalarını təmin etmişdi.

1919-cu il dekabrın 25-də “Qaçqınların Ağdaş, Göyçay, Qazax və Nuxa qəzalarına köçürülməsi barədə” qərar ilə Himayədarlıq nazirliyinin hesabatına əsasən hökumət qaçqınların problemini həll edərək, bu qaçqınları Ərəş, Nuxa, Göyçay və Qazax qəzalarına, dəmir yol stansiyalarına yaxın ərazilərə köçürməyi qərara alır. Qaçqınların əkin sahələri üçün 6 milyon rubl tələb olunurdu.[81]

1920-ci il yanvarın 5-i və 8-də keçirilən parlament iclasları da qaçqınların vəziyyətlərinin yaxşılaşdırılması baxımından atılan addımlara nümunədir. 1920-ci il yanvarın 8-də “Qayət dərəcədə möhtac qaçqınların Cümhuriyyətin ərazisində yerləşdirilməsi və onlara toxumluq taxıl tədarükü üçün smetadan kənar Ümuri-xeyriyyə nazirinə (Himayədarlıq nazirliyi –X.N.) 21 milyon rubl buraxılması” haqqında qanun layihəsi müzakirəyə qoyulur. Parlament qanun layihəsini qəbul edir.[82]

1920-ci il fevralın 26-da “Epidemiya ilə mübarizə və qaçqınlara tibbi yardımın göstərilməsi üçün 12 epidemik dəstənin təşkili” haqqında qəbul edilən qanuna əsasən: 1) Xalq Səhiyyəsi nazirinə epidemiya ilə mübarizə və qaçqınlara tibbi yardımın göstərilməsi üçün 12 epidemik dəstənin təşkili üçün icazə verilir; 2) Əlavə kadrlar və smeta təsdiqlənir; 3) səhiyyə nazirinin sərəncamına yuxarıda adı çəkilən 12 epidemik dəstənin altı ay ərzində saxlanılması üçün 4 milyon iki yüz altmış altı min rubl verilməsi qərara alınır.[83]

1920-ci ilin əvvəlindən Himayəçilik Nazirliyi Cümhuriyyət parlamentinə qaçqınlar və digər problemlərlə bağlı 10 qanun layihəsi təqdim etmişdi.

50
{"b":"614716","o":1}