5) Regionun təhlükəsizliyinə beynəlxalq təminat verilməsi adı altında oraya sülhməramlı qüvvələrin göndərilməsi də “Madrid sənəsi”nin sütun prinsiplərindən sayılır. Diplomatik çevrələrdə yayılan məlumatlar artıq Ermənistanla Azərbaycanın münaqişə bölgəsində beynəlxalq sülhyaradıcı qüvvələrin yerləşdirilməsi ilə razılaşmalarını təsdiqləyir. Bu işdə hələlik uzlaşma olmayan məqamsa həmin qüvvələrin tərkibi ilə bağlıdır. Ortalıqda olan mülahizə və variantlardan birinə görə, sülhməramlı qüvvələrin tərkibinə həmsədr ölkələrin heç birinin hərbi kontingenti daxil edilməyəcəkdir. Bu halda sülhyaratma missiyasının Avropa İttifaqının təhlükəsizlik qüvvələrinin üzərinə düşəcəyi (qoyulacağı) gözlənilir.
Sülh razılaşmasının qarantı olmağa iddia edən Rusiya münaqişə bölgəsinə MDB ölkələri qoşunlarının, xüsusilə də KTMT-nin Çevik Reaksiya Qüvvələri kontingentinin yerləşdirilməsi niyyətini gizlətmir. Bunu isə, bir yandan, münaqişə tərəflərinin (Ermənistanla Azərbaycanın) hər ikisinin razılığının problemli görünməsi və habelə birincinin KTMT-nin üzvü olması bəribaşdan istisna (mümkünsüz) edir. Digər tərəfədən də, Ermənistanın beynəlxalq sülhməramlı qüvvələrin tərkibinə rus qoşun hissələrinin daxil edilməsində israrı Azərbaycanın orada türk əsgərlərinin də özünə yer almaları tələbi ilə üzləşə bilər.
Ekspertlərin bir qismi belə hesab edir ki, DQ-də qonşu dövlətlərin yox, ABŞ-ın və Avropa ölkələrinin sülhməramlılarının yerləşdirilməsinə dair təkliflər təxribat səciyyəlidir və Rusiyanı qıcıqlandırmağa yönəlik (özü də əsla yolverilməz) addımdır. Politoloq V.Quluzadənin qənaətinə görə: Kremlin iştirak etdiyi bütün danışıqlarda təhlükə var və onun əsas planı Azərbaycanı Ermənistanın gününə salmaqdır; Kreml bir neçə rayonun boşaldılmasının əvəzində DQ-nin Ermənistana verilməsində və regiona Rusiya sülhməramlılarının yerləşdirilməsində imperiya durduqca onların orada qalmasında maraqlıdır; Rusiya ilə oyun oynamaq təhlükəlidir və ona taleyüklü güzəştlərə getmək (təslimçilik) bağışlanılmaz hərəkət olardı.
“Madrid prinsipləri”nin rəsmən elan edilməsi ilə həm də onun ─ həmsədr dövlətlərin başçılarının məlum birgə bəyanatında (10.VII.2009) nəzərdə tutulan─“yeniləşdirilməsi prosesi - (dönəmi)”nə başlanıldı. Bu sırada Azərbaycan və Ermənistan prezidentlərinin “baza prinsiplərinin əsas elementləri üzrə indiyəcən ən detallı, dərin məzmunlu və konstruktiv müzakirələrinin aparıldığı” (M.Brayza) Moskva görüşü (17.VII.2009) və sonra D.Medvedyevin də iştirakı ilə keçirilən qeyri-rəsmi danışıqlar diqqət mərkəzində olmuşdur. Bunu E.Məmmədyarovun həmin danışıqlara dair açıqlamalarında özünə yer alan bu fikirdən də görmək olar: “Rusiya prezidenti D.Medvedyev öz təşəbbüsü ilə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ən xırda detalları belə müzakirə edir”. Müxtəlif siyasi-diplomatik çevrələrdən Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan KİV-lərinə sız(dırıl)an məlumatlara görə isə, həmin detallar “ərazilər=referendum” variantını, bu kontekstdə də “aralıq statusu” və yekun statusdan ötrü keçirilməli olan səsvermə proseduru, sülhməramlı qüvvələrin konkret tərkibi, habelə digər məqamları əhatə etmişdir.
Y.Merzlyakovun “prezidentləri konstruktiv mövqedə və nəticə əldə etməyə meylli” gördüyü Moskva danışıqlarının nəticələri ─ “Madrid prinsipləri”nin yeniləşdirilməsinə dair yanaşma və təkliflər həmsədrlərin Krakov görüşündə (25-26.VII.2009) intensiv müzakirə olundu. “Madrid sənədi”nin təzələnməsi səyləri MDB-nin Kişinyov sammiti (X.2009) çərçivəsindəki “ikili” (Əliyev-Sərkisyan) və “üçlü” (“ikilik” + D.Medvedyev) formatlarda baş tutan rəsmi və qeyri-formal görüşlər, danışıqlar vasitəsilə də davam etdirildi.
“Madrid prinsipləri”nin yeniləşdirilməsi prosesi Ermənistanda köhnə-təzə bir çox maddə və şərtləri gündəmə gətirmiş və qarışıq reaksiyalar, çoxçalarlı rəylər doğurmuşdur. Bu ölkənin bəzi siyasi-hərbi-diplomatik dairələrində “Madrid prinsipləri”- antiErmənistan, antiQarabağ prinsipləridir”, “Koçaryanla Oskanyan buna görə məsuliyyətə cəlb olunmalıdır” kimi fikirlər səsləndirildi.
Yeniləşməkdə olan “Madrid sənədi” ilə əlaqədar Ermənistandakı köhnə-təzə yanaşmalar (şərtlər) arasında onun 4-cü bəndinə aid “qayğı, rahatsızlıq” diqqəti çəkir. Ölkənin başlıca müxalifət qüvvəsi sayılan Erməni Milli Konqresinin təmsilçilərindən keçmiş Xarici İşlər naziri A.Arzumanyan həmin bənddə əks olunan “hüquqi səlahiyyətli iradəni ifadə etmə” anlayışını sübhəli, danışıqların gedişindən asılı olaraq müxtəlif yönlərdə yozula-şərh oluna bilən yanaşma sayır. Erməni diplomatının fikrincə, beynəlxalq hüquqda “referendum” anlayışı var və onun “Madrid sənədi”ndə öz əksini tapmamasıyla, habelə Azərbaycanın yekun statusuna dair ehtimal edilən gələcək səsvermə prinsipi ilə razılaşmaq olmaz. (Az öncə də qeyd edildiyi kimi, M.Brayza “öz iradəsini ifadə etmə” ilə referendumun arasında fərq olmadığını bildirmişdi). Sabiq baş diplomat həmçinin “Madrid prinsipləri”nin DQ ətrafındakı regionlardan çıxarılan erməni qoşunlarını kimin əvəzləyəcəyi, Azərbaycana həmin ərazilərə silahlı qüvvə yerləşdirmək hüququnun verilib-verilməyəcəyi və digər məsələlərə konkret aydınlıq gətirmədiyini də bildirirdi.
Ermənilərin maraqlarını təmin edən “Madrid prinsipləri”nə Ermənistandakı etirazlara (onları diplomatik gediş, məqsədyönlü hərəkətlər sayan yanaşmalar da vardır) Dağlıq Qarabağ separatçıları da qoşulmuşlar. “DQR” Ermənistanı indiyədək “rəsmi Xankəndi”ni sülh danışıqları prosesinin üçüncü tərəfi etməyə müvəffəq olmamaqda “günahlandırır”. Separatçılar Ermənistandan ətraf rayonların boşaldılması və referendum barədə uzunsürən müzakirələr aparmaqdansa, Dağlıq Qarabağın da danışıqların (münaqişənin) tərəfi kimi tanınması şərtini qoymasını istəyirlər. DQ-nin danışıqlarda tərəf kimi tanınmayacağı şəraitdə əldə olunacaq hər hansı bir razılaşmanı qəbul etməyəcəkləri ilə hədələyən qarabağlı ermənilər “rəsmi Xankəndi”nin AR-lə birbaşa müzakirələrində israrlıdırlar.
Onların bu israrı, bir sıra digər amillərlə yanaşı, habelə həmsədrlərin “sözdəki dəstəyi-açıqlamaları”ndan qaynaqlanır. Vaxtılə V.Kazimirov, son zamanlarsa Y.Merzlyakov, artıq sabiq həmsədr olan M.Brayza vaxtaşırı Azərbaycan tərəfini bu məsələdə də güzəştə getməyə “dəvət ediblər”. M.Brayzanın qənaətinə görə, “Dağlıq Qarabağ hakimiyyətinin (?!-İ.M.) danışıqlarda birbaşa iştirakına ehtiyac vardır”. Amerikalı diplomat “DQ erməniləri nümayəndələrinin bir neçə il əvvəl danışıqlar masası arxasında oturduqlarını” bildirmişdi. Həm də əlavə etmişdi ki, rəsmi İrəvanın danışıqlarda onları da təmsil etməsinə dair öz qərarı üzündən müzakirələrə qatılmayan qarabağlı erməni nümayəndələrinin yenidən danışıqlar masası arxasına dönmələri üçün qarşılıqlı razılıq olmalıdır. “Uğursuz həmsədr” kimi də səciyyələndirilən M.Brayza onların gec-tez danışıqlarda birbaşa iştirak edəcəklərinə ümidli olduğunu da söyləmişdi.
“Madrid prinsipləri”nin yeniləşdirilməsinə dair yayılan məlumatlar rəsmi İrəvanı və “DQR”-i Azərbaycanın “erməni xalqı Ermənistanın timsalında artıq öz müqəddəratını təyin edib” təki əksdəlilinə qarşı da fəallaşdırdı. Ermənilər Türkiyə Cümhuriyyəti ilə Şimali Kipr Türk Respublikasının mövcudluğu (ikincisi beynəlxalq birlik tərəfindən─ Ankara çıxılmaqla rəsmən tanınmasa da), albanların iki (Albaniya və Kosovo), ərəblərinsə xeyli müstəqil dövlətlərinin olduğu bir şəraitdə onlara belə bir hüququn (imkanın) verilməməsini dövlətlərarası hüquqda nonsens sayırlar. Erməni tərəfinin bu kimi dəyərləndirmə-izahı onun “Madrid prinsipləri”nin Dağlıq Qarabağın müstəqilləşməsinə və ya Ermənistana birləşməsinə “yaşıl işıq” yandıracağına ümidli olduğunu təsdiqləyir.
“Madrid sənədi”nin üzərində ”təkmilləşdirmə” işlərinin getdiyi bir şəraitdə Azərbaycanda onun qəbulunu Dağlıq Qarabağla ətrafındakı iki rayonun (Kəlbəcərlə Laçının) itirilməsi kimi dəyərləndirən yanaşma və mövqelər üstünlük təşkil etməkdədir (Digər yandan, həmin sənədin qəbulunun Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllini təmin edəcəyini düşünənlər də yox deyil). Vəziyyətdən çıxış yolu olaraq müxtəlif təkliflər irəli sürülür. Bəzi siyasi-elmi çevrələr Qərbi azərbaycanlıların Ermənistanda (Zəngəzur və Göyçə mahallarını əhatə edən ərazilərdə) assimmetrik dövlət yaratmaları (muxtariyyət qazanmaları) məsələsinin danışıqların mövzusu edilməsinə çalışılmasını məsləhət bilirlər.