Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində keçilən yola nəzər saldıqda aydın şəkildə bunu görmək olar: baza prinsipləri sayılan “Madrid sənədi” əslində ermənilərin daima irəli sürdükləri üç şərt əsasında qurulubdur. Yəni həmin məlum şərtlərlə Madrid prinsiplərini qarşılaşdırdıqda belə bir siyasi-diplomatik mənzərə ortaya çıxır. Belə ki, ermənilərin birinci şərti (“DQ ilə AR arasında hər hansə bir şaquli idarəçilik – tabeçilik və asılılıq ola bilməz”) “Madrid sənədi”nin ikinci və dördüncü prinsipləri,yəni müvafiq surətdə “keçid statusu” və “referendum hüququ” məsələlərində ifadə olunubdur. Onların ikinci şərti (“Dağlıq Qarabağla Ermənistan arasında quru yolu ilə əlaqələrin təmin edilməsi”) Madrid prinsiplərinin üçüncüsü ilə (“dəhliz yaradılmasıyla”) səsləşir. 3-cü şərtsə (DQ-nin təhlükəsizliyinə beynəlxalq təminatın verilməsi”) həmsədrlərin təkliflərinin altıncı bəndində (“beynəlxalq təhlükəsizlik təminatlı sülhməramlı əməliyyatlar”) öz əksini tapmışdır.
“Madrid sənədi”nin üzərindən “məxvi”liyin götürülməsi və onun “yeniləşdirilmiş” variantının tərəflərə təqdim ediləcəyinin elanı da müxtəlif yönlü diskussiyalara və xeyli sayda mövqe-yanaşmanın ərsəyə gəlməsinə rəvac vermişdir. Yəni açıqlanan sənədin ayrı-ayrı bəndləri (müddəaları) barədə çoxlu diplomatik və elmi dəyərləndirmələr ortaya çıxmışdır. Onların yığcam xülasəsi aşağıdakılarda ehtiva olunur:
1) Dağlıq Qarabağ ətrafında işğal olunan 7 rayonun “5+2” formulu üzrə boşaldılması planlaşdırılır. Buna əsasən gerçəkləşdirilən boşaldılma prosesi əvvəlcə beş rayonun qaytarılmasını nəzərdə tutur və işğalçı qoşunların Kəlbəcərlə Laçını tərk etmələrini isə sazişin imzalanmasından 5 il sonraya saxlayır. (Azərbaycandakı bəzi yanaşmalara görə isə, bu halda ermənilər DQ-nin 7 rayonu da daxil olmaqla işğal etdikləri 14 rayonumuzun yalnız yarısını qaytarmış olurlar). Burada M.Brayzanın açıqlamalarından birində özünə yer alan müddəaya istinad olunur. İrəvanda verilən (VII.2009) həmin açıqlama-bəyanatdan məlum olur ki, həmsədrlər “ərazi bütövlüyü” dedikdə BMT-nin Azərbaycan ərazisi kimi tanıdığı torpaqları, yəni DQ-ni nəzərdə tutmurlar. Onlar yalnız DQ ətrafındakı 7 rayonun qaytarılmasına AR-in ərazi bütövlüyünün təmin olunması kimi yanaşırlar.
2) Azərbaycan tərəfi, dəfələrlə bildirildiyi kimi, AR-in tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət və onun təhlükəsizliyinə təminat verilməsinə etiraz etmir. (AR prezidentinin Dağlıq Qarabağ danışıqları üzrə xüsusi nümayəndəsi, XİN-in müavini A.Əzimov bununla bağlı baxışını belə ifadə etmişdir: Azərbaycan prinsipial mövqeyində dayanaraq hansısa kompromisə gedə bilər və Dağlıq Qarabağa (orada yaşayacaq iki icmaya) ölkəmizin ərazi bütövlüyü çərçivəsində ən yüksək səviyyəli idarəetmə statusu verməyə hazırdır; AR öz kompromis yolunu gələrək körpünün ortasında dayanıbdır və Ermənistan da maksimalist mövqeyindən çəkilərək körpünün ortasına gəlməli, məsələlərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılığını qəti bildirməlidir. Diplomatın bu yanaşma-mövqeyi dövlət başçısının “Rossiya” telekanalının “Vesti v Subbotu” proqramına (4.VII.2009), Kişinyovda “AzTV” televiziyasına (9.X.2009) verdiyi müsahibələrdə də dəstəklənmişdir). Ancaq “keçid-aralıq statusu” və ondan sonrakı referendum məsələsinin ölkəmizdə doğurduğu rahatsızlıq gözönündədir. (Proseslərin belə inkişaf ssenarisinin verə biləcəyi nəticələrlə bağlı burada “Kosovo təcrübəsi”xatırlanır).
3)“Laçın dəhlizi məsələsi” münaqişənin nizamlanmasında “açar problem”lərdən biri olmaqla yanaşı Azərbaycan tərəfini daha çox qayğılandıran məqamlardandır. O, Ermənistanın konfliktin tənzimlənməsinə dair şərtləri sırasında mərkəzi yerlərdən birini tutur. “Madrid prinsipləri”ndən Kəlbəcərlə Laçının taleyinin müəyyənləşdirilməsinin (qoşunların çıxarılması, “dəhliz məsələsi”nin rəsmiləşdirilməsi və s.) sülh sazişindən, hətta ola bilsin ki, referendumdan sonraya saxlanılması mexanizmi görünür.
4) “Madrid prinsipləri” nizamlama prosesinin ikinci mərhələsində Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsini nəzərdə tutur. Bu şərt sənədin hazırda başlıca mübahisələrə səbəb olan 4-cü bəndində (prinsipində) əks olunmuşdur. AR-də müəyyən çevrələr bunu Azərbaycana qarşı qurulan hiylə təki səciyyələndirirlər (Belə bir hal beynəlxalq diplomatiyada evfemizm sayılır. Yəni qarşı tərəfin narazılığına səbəb ola biləcək hansısa arzuolunmaz ifadə və ya termin mənası onunla eyni anlama gələn digər ifadə ilə (anlayışla) əvəzlənir). Bununla əlaqədar olaraq da yenə M.Brayzanın Ermənistan mətbuatına açıqlamasında (VII.2009) özünə yer alan izaha dayanılır: “öz iradəsini ifadəetmə anlayışı ilə “referendum” və ya “plebissit” terminləri arasında heç bir fərq yoxdur. Bu isə teferendumla bağlı diskussiya, mübahisə və s. yeni təkan olmuşdur.
Azərbaycan tərəfi belə hesab edir ki, Dağlıq Qarabağın yekun statusu─“Madrid prinsipləri”nin 4-cü bəndindəki kimi─ öz müqəddəratını təyinetmə yolu ilə deyil, yalnız danışıqlarla və özü də azərbaycanlıların DQ-yə, o cümlədən də Şuşaya qayıtmalarından sonra müəyyən edilə bilər. İ.Əliyev son vaxtlardakı çıxışlarında Dağlıq Qarabağın heç vaxt, hətta 100 ildən sonra belə müstəqilliyə çıxmayacağını, yəni bunun gülünc və perspektivsiz ideya olduğunu dəfələrlə vurğulamışdır. Bəzi yanaşma və təhlillərə görə isə, “Madrid sənədi”nin yekun statusa dair ibarəli (üstüörtülü) referendum təklifi əslində DQ-yə verilən “müstəqillik vədi”dir.
“Madrid sənədi”nin açıqlanmasından sonrakı dönəmdə, xüsusilə də MDB-nin Kişinyov sammiti və Türkiyə-Ermənistan protokollarının imzalanması öncəsi referendumun detalları ilə bağlı da yeni nüanslar ortaya çıxmışdır. Bəzi ekspertlərin fikrincə, referendum məsələsi danışıqlar prosesinin başlıca əngəllərindən biridir və münaqişənin özündən də mürəkkəbdir. Azərbaycan üçün referenduma razılıq, bir tərəfdən, Dağlıq Qarabağı “mübahisəli ərazi” kimi qəbul etmək, digər yandansa, artıq DQ-nin müstəqilliyinin tanınması deməkdir.
Ermənistanda isə referendum, təbii olaraq, tam dəstəklənir. Referenduma erməniləri əvvəlcə (hələlik) “bir millət, iki dövlət” edəcək tarixi imkan kimi yanaşılır. Ancaq referendumla bağlı onların da müəyyən “problem və qayğıları” yox deyil. Keçiriləcəyi hələlik ehtimal olunan referendumda uğur qazanmaq üçün ermənilər neçə illərdir ki, DQ-də öz “saylarını artırmaqla” məşğuldurlar. Bundan ötrü də, bir tərəfdən, rəqəmlər şişirdilir, digər yandansa, xaricdə və Ermənistanda yaşayan ermənilər Dağlıq Qarabağda və işğal edilən ətraf ərazilərdə məskunlaşdırılır (Ermənistan belə bir məskunlaşdırma ilə bağlı da problemlə üzləşmişdir. Ermənilərin işğal olunan rayonlarımızda məskunlaşmaları müşkülə çevrilmişdir. Onların çoxu həmin ərazilərdə qalmaq istəmirlər.
Ermənistan hökuməti bu prosesi (geriyə qayıdışı) əngəlləmək üçün müxtəlif üsul və vasitələrə əl atır. Məsələn, hər bir sakinə min dollarlıq səhm paketinin verilməsi və s.”DQR rəhbərliyi” 2009-cu ildə Qarabağa erməni köçünü gücləndirmək məqsədilə xüsusi konsepsiyanın həyata keçirilməsinə başlamışdır. Sözgəlişi, Azərbaycanla həm də “İnformasiya müharibəsi” aparan Ermənistan KİV-i və bütün təbliğat maşını azərbaycanlı qaçqınların da öz yerlərinə dönməkdə maraqlı olmadıqlarına dair fikirlər yayırlar .
Rəsmi İrəvanın digər bir rahatsızlığı da var. Bu da Dağlıq Qarabağın erməni və hazırda qaçqınlıq həyatı yaşayan azərbaycanlı əhalisinin artım dinamikasındakı göstəricilərin onların xeyrinə olmaması ilə əlaqədardır. Bunu nəzərə alan rəsmi İrəvan DQ azərbaycanlılarının referendumda iştirakına tərəfdar olsa da, belə bir hüququn yalnız münaqişəyədək orada yaşayan soydaşlarımıza verilməsində israr edir. Bu halda “gözlənilən referendum”adək səsvermə hüququna malikolma yaşına çatacaq, ancaq DQ-dən kənarda doğulmuş qarabağlı azərbaycanlılar həmin hüquqdan məhrum edilmiş olurlar. (Münaqişə ərəfəsində, yəni 1989-cu il siyahıyaalmasına əsasən DQ-nin erməni və azərbaycanlı əhalisinin nisbəti 70-30% olaraq götürülmüşdür). Ehtimal edilən referendumun nəticəsinin legitimliyi üçün çoxluq faizinin nə qədər olacağının bilinmədiyi bir şəraitdə xeyli rahatsız olan ermənilər “orijinal” təkliflər irəli sürüblər: statusun müəyyənlşdirilməsi (bunun üçün tələb olunan referendumun keçirilməsi) azərbaycanlılar DQ-yə qayıtmazdan əvvəl reallaşdırılsın; azərbaycanlılar hazırda yaşadıqları yerlərdən səs verməklə də referendumda iştirak edə bilərlər. Bu “üsul” Ermənistana ikiqat sərfəlidir. Ona görə ki, DQ ermənilərinin də nəzərəçarpacaq hissəsi vilayətdən kənarda yaşayır.