Artıq gənc oğlan, nəinki tanışları, sinif yoldaşları və məktəb kollektivinin yanında, hətta, ondan kənarda da tanınmağa başlayır. Onda olan fitri istedad yavaş-yavaş sərhədini , miqyasını genişləndirir. Yeniyetmə oğlanın yaxşı, səlist oxumağını görən pe-daqoqlar musiqi ədəbiyyatı dərsində Müslümdən vokal illüstratoru kimi bəhrələnir, ona ariya və romanslar oxudurdular .
Nəhayət ki, qayğısız gənclik illəri sona çatır. Müslüm sevgi, məhəbbət “xəstəliyinə” tutulur. Hər bir gənc oğlan kimi onun da arzuları pərvazlanmaq mərhələsinə qədəm qoyur, bir mahnıda deyildiyi kimi: “bir qız çıxdı qarşıma, qaşları, sanki, aypara, hilal idi…” Məhəbbətin gücü getdikcə özünü büruzə verir və Müslüm özü ilə musiqi məktəbində oxuyan pianoçu Ofelya adlı gözəl azərbaycanlı qızı ilə evlənir. Bir ildən sonra bu nigah-dan Marina adlı qızları doğulur. Ancaq təəssüflər olsun ki, gənc ailə uzun ömürlü olmur və tezliklə dağılır. Hal hazırda Marina Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində ailəsi ilə birlikdə yaşayır. Sağlığında Müslümə ən yaxın və ən doğma Marina və onun oğlu Müslüm-Allen idi.
Əldə etdiyim informasiyaya əsaslanaraq deyə bilərəm ki, bir vaxtlar Marinanın akademik-kimyaçı babası onu dilə tuturmuş ki, gənc qız geodeziya və kartoqrafiya üzrə təhsil alsın. Ancaq o, bir şeyi yaddan çıxarırdı: axı Marina məktəbi pianoçu kimi bitirmişdi. Sonrası da o, böyük bəstəkar-dirijor Əbdül-Müslüm Maqomayevin nəticəsi və dahi musiqiçi Müslüm Maqomayevin qızı idi. Marina heç kimin gözləmədiyi, tamamilə başqa bir həyat yolu seçir. O, nə geodeziya-kartoqrafiya üzrə mütəxəssis, nə də ki, parlaq musiqiçi, pianoçu olur. Marina həyatın tələbi ilə yeni, özünəməxsus bir yolla gedir.
Ömrünün sonuna qədər Müslüm qızı Marina və nəvəsi Müslüm-Allen ilə gözəl və doğma münasibətdə olmuşdu. O, qızını hər zaman dəstəkləyirdi. Burda, Marinanın fortepiano sinifini qurtarmasını xüsusi ilə qeyd etmək lazımdı. Çünki bu, gendən gələn müsbət impulusların birbaşa təsiri nəticəsində baş vermişdi. Xatirələr kitabında Müslüm cavanlıq anlarını, o cümlədən ilk cevgilisi Ofelya xanımı xoş xatırələrlə yada salaraq yazırdı: “Onun çox qəşəng, ecazkar, həzin – Ofeliya var idi ! Biz musiqi məktəbində bir yerdə oxuyurduq. Ofeliyanın çox güclü lirik-koloratur soprano səsi var idi. Biz görüşməyə başladıq. Əmim və nənəm mənim həvəsimi, meylimi və xasiyyətimi bildikləri üçün nə isə xoşagəlməz bir əngəl hiss etdilər. Ancaq əmim Camal özünün təbii, ədəb və nəzakətinə rəğmən mənimlə kişi danışığı aparmağa başlamadı. Mən vaxtın yetişmədiyini düşünüb əmimə məsələni açmağı lazım bilmədim. Günlərin birində mənim pasportum yoxa çıxdı. Görünür bu işdə nənəmin əli var idi: o, zamanında təhlükəli anı hiss etmişdi. Biz, Ofelya ilə həmin vaxt evlənmək qərarına gəlmişdik…”.
Belə çıxır ki, Baydagül xanımın və Cəmaləddinin narahat olmağına həqiqətən əsas var imiş. O da, bəlli olur ki, əmi və nənə möcüzəli sevimlilərini həqiqətən yaxşı tanıyırdılar və bu nöqteyi-nəzərdən onunla ehmalca davranmağa üstünlük verirdiluk ver. Əks təqdirdə proses öz məcrasından çıxa bilərdi. Heç kimə məlumat verməyən Müslüm və Ofelya xəlvəti nigaha girirlər. Sonra nəyin baş verə biləcəyi cavanları bir o qədər də maraqlandırmır .
Müslüm yazırdı: “Biz, Ofeliya ilə heç kimə, heç nə demədən nigah bağladıq. Mən ailəmi faktla üzbə-üz qoydum. Doğmalarım tərəfindən reaksiya təmkinli oldu, sözün açığı, daha pis vəziyyət gozləyirdim. Nənəmin kefi pozulmuşdu, o çox dilxor idi. Lakin qəm-kədərə qərq olan əmim bu zaman dodağının altında sakitcə deyinərək dedi:
-Müstəqil olmaq istəyirsən? Yaxşı, gəl sınaqdan keçir, sən artıq böyümüsən. Ancaq yadda saxla, ağlayası olsan, başa düşməyəcəyik .”
Kifayət qədər həyat təcrübəsinə malik olan Cəmaləddin hər şeyi yaxşı anladığı üçün Müslümlə aralarında olan pərdəni açmağa tələsmir və düşündüyünü Müslümə konkret, həm də aydın şəkildə çatdırır. Cəmaləddin çox yaxşı bilirdi ki, yaşamaq üçün yalnız bioloji istəyin olması hələ hər şey demək deyil. Yaşamaq üçün ev, ailəni saxlamaq üçün isə gəlir yeri, daimi iş mütləq idi. Digər bir tərəfdən isə, Cəmaləddin valideyinsiz böyüyən yeganə qardaşı oğlunun qəlbini sındırmaq istəmirdi.
Müslüm xatirələrində yazırdı: “Mən, Ofeliyagilin ailəsində yaşamalı oldum. Onun atası ziyalı, kimyaçı-alim, oxumuş adam idi. Elmlər Akademiyasında işləyirdi. O, nəzakətli, ədəbli, təvazökar, sakit, qayınanam isə… Qayınana elə qayınanadı da… Sanki, hər şey yelləncək kimi alınırdı, qanununauyğun şəkildə… Biz ailə münasibətlərinin aydınlaşdırılmasına çox tez başladıq. Mənə bizim balaca ailəni təmin etmək üçün qazanc yeri lazım gəlirdi. Buna görə təcili işə düzəlməli oldum.”
Ailə qurduqdan qısa müddət sonra Müslüm Ofelyanın valideyinləri ilə anlaşılmazlıq prosesi yaşayır. Başqa bir tərəfdən isə əmisi Camalın “yadda saxla, ağlayası olsan başa düşməyəcəyik” fikirini daima diqqət mərkəzində saxlamalı olur. Məhz bu, məsələlər onu rahat buraxmır. Odur ki, təcili iş tapmaq, pul qazanmaq lazım gəlir. Bu, məqsədlə Müslüm Bakı Havadan Müdafiə Qoşunlarının hərbi dairəsinin mahnı və rəqs ansamblına işə düzəlir. Onun sözlərinə görə bu ansamblın kollektivi, heç də SSRİ miqyasında həmin zaman tanınan və məşhur olan Aleksandrov adına hərbi ansamblın kollektivindən geri qalmırdı. Müslümün ilk çıxışı Bakıda, Bakı dənizçilərinin mədəniyyət evində baş tutur.
Heç kimə sirr deyil ki, hər bir musiqi kollektivinin gözü onun solistləri olur. Solistlər yaxşı səsə, geniş dipazona, aydın diksiyaya, zilə və bəmə, məlahətli avaza, geniş repertuara malik olanda ansambl yaxşı görünür. Bu, heç də o anlama gəlməməlidi ki, musiqi kollektivi ikinci planda dayanır.
Əsla yox…
O da çox vacib idi ki, musiqi kollektivi peşəkar çalğıçılardan ibarət olsun. Məsələn, brilyant qaşı qara dəmir parçasının üzərinə qoyanda, sözsüz ki, o istənilən gözəlliyi, effekti verməyəcək. Ancaq qızılın və ya platinin üzərinə qoyanda brilyant tamamilə bambaşqa effekt, gozəllik verəcəkdi. Bu, nöqteyi-nəzərdən çıxış etmiş olsam, deyə bilərəm ki, soloist musiqi kollektivinin “brilyant”ı, musiqi kollektivi isə bu “brilyant”ın “qızılı və ya platin”i olacaqdı. Muslum bu, kontekstdən çıxış edərək deyirdi:
“Əlbəttə, ansamblın bəzəyi onun solistləridi. İvan Sozonov ilə mən rəqib idik. Daha çox tamaşaçı alqışı qazanmaq uğrunda bir-birimizlə mübarizə aparırdıq. Sazonov əsl rus tenoru idi. O. Lemeşev, Kozlovski manerasında oxuyurdu. Hansısa Aleksandr Jbanovun ansamblında işləmişdi, çox gozəl tenor idi. O, italiyanlara çox qulaq asdığından italiyan sayağı oxuyurdu. Lakin onun həqiqi təbii istedadı, zehni qabiliyyəti ilə tərs mütənasiblik təşkil edirdi. Yumşaq demiş olsam, o kütbeyin idi: sadə ariyanı iki-üç aya, ancaq öyrənirdi… Bugün onun istehzalı, yalançı bəhanəsini qəbul etmədən ilahi səsini çox yaxşı xatırlayıram.”
Bu ansamblda Müslüm dostlar tapır, onlarla yaxından tanış olur və daima əlaqə saxlayır. Getdikcə möhkəmlənən dostluq ənənələri ailəli müğənninin gələcək həyatında müstəsna, daha doğrusu, mənfi rol oynayır.
“Ansamblda çox gözəl, eyni zamanda bir o qədər qəribə xüsusiyyətə malik olan Volodya Vasilyevlə dostluq etməyə başladım və indi də bu dostluğumu davam etdirirəm. O, fövqəladə musiqi melomanı olduğundan səhərdən axşama kimi musiqiyə qulaq asmağı xoşlayırdı. Ən çox, İtaliya müsiqisinə diqqət yetirirdi. O, italiya operasının pərəstişkarı idi. Bakı Havadan Müdafiə Qüvvələri ancamblından sonra Volodya bir müddət filarmoniyada işlədi, müxtəlif xor kollektivlərində oxudu. Hətta, bir dəfə Bakı operetta teatrına üz tutdu və özünü yaxşı artist kimi göstərdi…”, -deyərək, -Müslüm xatirələr kitabında yazırdı.
Müslümün söylədiklərinə istinad edərək maraqlı bir tendensiyanın, meylin şahidi oluram. Bəstəkar-müğənniyə yalnız qarşı tərəfi xarakterizə edən sənətkar kimi baxmaq olmaz, əksinə, eyni zamanda onun xüsusiyyətlərini, daxili aləmini açmaq üçün burda kifayət qədər yetərli arqument və faktlar mövcuddu. Əlimdə olan məlumatlar, gətirdiyim iqtibaslar bir daha sübut edir ki, müğənni özü xüsusiyyətdə insanlarla dostluq etməyi bacarıb, sənətinin peşəkarı olan ciddi, dərrakəli adamlarla oturub-durmağı, ünsiyyət qurmağı xoşlayıbdı. Bir atalar məsəlində olduğu kimi: “Mənə, -dünən , -dostun kimdir , -söyləyim, -sən kimsən”.