İnqanın əllərini aldım əlimin içinə:
– Mən sənə bir söz də deyəcəm, İnqa! Bilmirəm, bəlkə də, yeri deyildi. Səndən ayrılmaq mənim üçün ən böyük cəzalardan biridir! İndiyə kimi itirə-itirə gəlmişəm! Bilirsən ki, indi daha da ağır olacaq mənə! Amma, deyirəm: get! İstəyirəm, rahat yaşya biləsən bir müddət, özünə inamın qayıtsın. Mən sənin yenidən özünü gözəl qız olan İnqa olmağını hiss etməyini istəyirəm. Mən istəyirəm, bir vaxtı rəsmixətt dərsində gözəl saçlarını çiyninə tökmüş həmin İnqanı görüm!
Mənim söylədiyim bu uzun nitq, o cümlədən, rəsmixətt dərsini yada salmağım İnqanı tam dəyişdirdi. Gülümsəməyi çoxdan yadırğamış üzündə bir sevinc hissi yarandı.
– Sağ ol, Azad! – deyə bildi. Göz yaşları yayılmış üzündə təbəssüm yarandı.
Birdən başını dik qaldırıb mənə baxdı. Xəyallarında nəyisə araşdırırdı. Sual vermək istəyirdi, baxışlarından görünürdü.
– O vaxt saxladığın şəkil… dururmu həmin şəkil?
– Durur!
– Niyə onda, o vaxtları sən heç nə demədin mənə? Niyə o şəkildəki qızın sənin həyatın üçün yox olduğunu, şəkilin yalnız xatirə olduğunu demədin? Niyə sən məni başa salmadın? Axı, sən bilməliydin..!
– Mən düşünürdüm ki, sən başa düşmüsən, İnqa! Kədərimi, fikirlər çəkdiyimi görürdün. Yoxun yasını saxlayırdım və düşünürdüm ki, sən bilirsən! Yadındamı, sən mənə qəmlənməməyi məsləhət edirdin?
– Mən bilmirdim şəkil sahibinin yoxluğunu. Mən bir axşamı, sənin otağında şəkili görüb bir neçə dəfə söz saldım. Hər dəfə mövzunu dəyişdin, şəkili də götürüb gizlətdin… Danışmaq istəmədin! Aylar, illər!.. İlahi! Niyə sən məni onda başa salmadın?
Və ağladı. Həm də ucadan. Sınmış taleni, ərini, uşağını, itirilmiş illəri ağlayırdı. Bu göz yaşları həm də gizlincə ürəkdə yaşayan, çalışıb – çapalayıb çıxmağa çalışsa da, sinədən kənara çıxa bilməyən bir nakam məhəbbətə ağı deyirdi… Bu haraya dözmək mümkün deyildi.
Göz yaşları içində nəsə pıçıldayırdı. Sinəmdə, beynimin içində hər şeyin bir-birinə qarışdığı üçün heç nə eşitmirdim…
O axşamı çox danışdıq. Bəzi söhbətlərdə, xatirələrdə uzaq dünyalara keçdik, xatirələr neçə qəmli-qadalı, gah da şirin çağları atdı ortaya…
Epiloq
Perronda sərnişin vaqonu ilə üzbə üz dörd nəfər gənc dayanmışdı. Onların qəmli baxışları vaqonun kupesində pəncərə önündə dayanan gənc qıza yönəlmişdi. Gənc qız pəncərənin şüşəsinə yapışmışdı. Perrondakı dörd nəfərdən biri çöl tərəfdən pəncərəyə yaxınlaşdı, nəsə demək, zarafat edib ağırlığı yüngülləşdirməyə cəhd etdi. Baş tutmadı. Danışa bilmədi, sözləri qırıq – qırıq alındı. Əlacsız vaqona söykəndi, az qala şüşəyə yapışdı. Qızın yorğun üzünə baxdı, nəsə demək istədilər bir – birinə,deyə bilmədilər. Sükuta daldılar. Qəfildən qızın nazik dodaqları titrəməyə başladı, və birdən hönkürüb ağladı…
Qapılar bağlandı, qatar ürəklərdəki həyacanı son həddə qaldıran bir siqnal verdi, yola düşdü.
– Mən qayıdacam, hökmən qayıdacam! – qışqırdı gənc qız.
– Altı ay nədir ki! – gənc dilləndi ürəyində, san ki, özü-özünə ürək verirdi.
…Bu səfər nə qədər çəkəcək…
Qatar yola düşən tək, İnqanın rəfiqəsi, qrup yoldaşı Azada bir dəfdər ötürdü.
– Bu nədir? – Azad sual verdi.
– İnqa verdi, sənə çatmalıdır.
Bu əzilmiş, bir azca da saralmış vərəqlərdən ibarət dəftər idi.
İnqanın hər gün qeydə aldığı, bəzisi bir – iki cümlədən, bəzisi isə vərəqin yarısını tutan hər bir xatirəsinin üstündə sərlövhə yerində iki parça olmuş ürək şəkli vardı. Sol parça alov içində, sağ parça isə bir az aşağı, aralı, sanki küsmüş vəziyyətdə idi. Hər səhifənin sonunda isə baş-başa dayanaraq qanadlarını qaldırmış iki quşun şəkli qoyulmuşdu. Quşlar san ki, uçmağa hazır vəziyyətdə, nəyisə gözləyirdilər. Bu səhifələrdə sevinc kədərlə, arzular məyusluqla, gülüş- göz yaşları ilə, məhəbbət nakamlıqdan parçalanan ürəyin fəryadı ilə üz-üzə dayanmışdı…
İkinci povest: Qəm yağışı
Firqət içində yürəgim gör ki, nə parə-parədir,
Bağrımı gör bu qüssədən kim, nеcə yarə-yarədir.
(Nəsimi)
İnsan həyatını dövrlərə bölsək, gənclik yəqin ki, anadan olma hadisəsindən sonra ən maraqlı, ən yadda qalan dövr olacaqdır. Bu dövrdə insan həyatı təşəbbüskarlıqla, prinsipiallıqla zənginləşirlər. Ətrafında baş verən hadisələrdə konkret mövqelər formalaşır.
Haqqında nəql edəcəyimiz qəhrəmanlarımız – Azad və İnqa da həmin bu gənclərdən biri idilər, öz baxışları ilə, öz mövqeləri ilə. Bu mövqelərin formalaşmasında aldıqları həyat dərsi, buraxdıqları səhvlər, haqlı və haqqsız verdikləri itgilər – qurbanlar çox böyük rol oynamışdı.
Azad əsgərlikdən qabaq, və yaxud, əsgərlikdən bir il sonraya qədər həyatda nə istədiyini və gələcəkdə nəyi və necə edəcəyini tam arxayınlıqla söyləyə bilərdi. "Həyatdan nə istədiyini bilirsən, daha nə var yaşamağa!" – təcrübəsiz və məğrur gəncliyin həyat fəlsəfəsi bu idi. Gözlərində sevinclə yanaşı şirin vüsal həsrəti, ürəyində gözəl Solmazının intizarı ilə gözəl arzu-niyyətlərin gələcək tamı, dadı onu ömrünü rəngbarəng etmişdi. Fəlakət baş verənə qədər belə oldu! Milli adətin pərdəsi altında, " böyük olan yerdə kiçik qələt edir" lə onu Solmazından ayırdıqları, iki həyatı bədbəxt etdikləri günəcən.
Azad dəyişdi. Daha o hər şeyə inamla baxan deyildi. Arzularının zirvəsi olan Solmazı itirdikdən sonra hər sualda olmasa da, çox vaxt realist mövqe tutmağa çalışırdı. Ürək sızıltısı davam etsə də, yaralar hələ sağalmasa da. Onun İnqaya olan münasibəti də bu iki üz-üzə durmuş hissin təsiri ilə formalaşmışdı.
Bunları nəzərə alaraq, əgər biz Azaddan sual etsəydik:
– İnqa bu gün sənin üçün kimdir, onunla bağlı arzu və istəyin, niyyətin nədən ibarətdir?
Azad bizə gülümsəyərək, sadəliklə cavab verəcəkdi:
– İnqa mənim üçün çox əziz və gözəl bir dostdur, xatirini istədiyim bir insandır!
Bəs, biz İnqaya sual etsək:
– Azad sənin üçün kimdir bu gün? Onunla bağlı arzun, niyyətin?…
İnqa nə cavab verəcək? Gəlin soruşaq özündən, amma, bir az sonra…
1-ci hissə
Şərtlər və onlardan yaranan maneələr! Bəzən bu iki kəmiyyət təyin edir gələcəyimizi, yolumuzu. Bəzən, şərtlər və maneələr bizdən güclü olurlar. Mentalitet, adət – ən-ənə kimi varlıqlar doğuzdurur bu amansız şərtləri, keçilməyi çətin olan maneələri. Kimsə üstələyir bütün bunları, kiminsə gücü çatmır. Yəqin ki, Azad da üstələyə bilərdi. Amma, üstələmədi.
Orta məktəbi qurtarıb Bakıya gəldiyi o gündən bəri Azad neçə illər əsil xoşbəxtliyin ağuşunda yuxuya gedib, məhəbbətin çağırışları ilə oyanmışdır. Amma, heç vaxt düşünməmişdi ki, sevinclə qəmin arası bircə qarışdır. Onun başında çatlayan "evin böyüyü bilər, nə istək, nə arzu!", "mən müəyyən edəcəm uşağımın taleyini" söyləyən daş divarlar, əlacsızlıqdan "mentalitet, adət" adlandırdığımız bu şərtlər və manelər onu məğlub ediblər, üstələyiblər. Arzularının başına daş salıblar.
Başına bu hadisələr gələndən sonra hər şeyi sakitcə ölçüb-biçib gələcəyə baxmaq, yeniliklə yaşamaq, gözəllikləri qəbul etmək əvəzinə, Azad uzun müddət xatirələrin qəminə təslim olmuşdur.
Özü də çox gözəl başa düşürdü baş verənləri…
İnqa ilk məktubunu yarı yoldan, hələ qatar Rusiyanın ərazisini tərk etməmiş yazmışdı. Hər sətirin arasında gizlədilmiş kədəri, qəmi görməmək mümkün deyildi.
" Az vaxt keçsə də aradan, sənə yazmağı qərara aldım. Amma, düşündüklərimi, ürəyimdəkiləri yazmağa yenə gücüm çatmır. Nə qədər deyiləsi sözüm var!
…Utanıram!.. Bir az qatar uzaqlaşdırsın, yazacağam! Bilirəm nələri itirdiyimi. Yəqin ki, günahkaram, Azad, çox məqamlarda… Həyatımın son iki-üç ilində, ilk dəfə biri-birimizi tanıdığımız gündən başlayaraq bu günə kimi yollarımda baş verən bir belə hadisələr qaçılmazmı idilər, yoxsa ki, biri digərindənmi yaranırdı?.. Hər şey, olub keçənlər yuxu olaydı. Heç institut da olmayaydı. Mən olaydım həmişəki tək, Kombinatın işçisi, gedib-gələydim sərnişin tək səninlə. Çox dayanırdım arakəsmədə olan pəncərə önündə. Kabinada hər şey gözüm önündədir. İlk aylar sağ tərəfdə, başın üstə bir böyük şəkil görürdüm, gözəl bir şəkil. Çox vaxt ilk ora baxırdım – şəkil yerindədir, yox? Sonra o şəkil yoxa çıxdı. Bilmirəm, mənə elə gəlir ki, mən də rahatlaşdım. Onda hələ biz tanış deyildik…"