Литмир - Электронная Библиотека
A
A

Kəndimizin işığı Qubadlının Xanlıq kəndindəki elektrik yarımstansiyasından gəlirdi. Xanlıq kəndi ilə bizim aramızda 2 kənd vardı. Qubadlını ələ keçirməyə çalışan düşmən avqustun 25-də bu stansiyanı dağıtdığı üçün kənddə işıqlar kəsilmişdi. Cəbrayılın ardından avqustun 31-də Qubadlı da tamamilə işğal olundu. Artıq Zəngilan tək idi.

Bir həftə içində iki rayonu işğal edən ermənilər hiyləgərliklə düz iki ay Horadiz yolunu açiq saxladı ki, Zəngilan əhalisi erməni vahiməsindən, erməni xofundan qorxub, müqavimət göstərmədən qaçsın. Lakin belə olmadı. Iki ay lampa işığında oturub, ocaqda yemək bişirən əhalı televizorsuz, radiosuz, xəbərsiz çətin günlər keçirsədə kəndi tərk etməyi ağlına belə gətirmirdi. Əhalinin özxoşuna çıxmayacağını başa düşən erməni Horadiz yolunu bağlayaraq Zəngilanı mühasirəyə salır və güclü orduilə hücuma keçir. Zəngilan isə mərkəzdən kömək gözləyirdi. Kömək isə yalnız Arazın suyunu azaltmaq oldu. Tək çarə əhali çayı keçənə kimi yüngül silahlarla da olsa düşmənin döyüş texnikasının qarşısına çıxıb mübarizə aparmaq idi.

...O gün kəndə yayılan xəbər hamını məyus etmişdi. “Düşmən yaxınlaşır, güclü döyüşlər gedir. Əhali zərər görməsin deyə mal-qarasını yığıb Arazın sahilinə, İran sərhəddinə çəkilməli, ara sakitləşəndə yenidən evlərinə qayıtmalı idi”. Heç kəsin ağlına belə gəlmirdi ki, bu kənddəki son gündür.

Mən uşaq olanda bizim bir itimiz vardi – Qarabaş. Balaca küçük ikən bir coban vermişdi atama. Qəribə it idi Qarabaş. Hara getsək bizim yanımıza düşüb, bizi müşayət edər, gedəcəyimiz yerə çatanda geri dönərdi. Biz evə qayıdana kimi Qarabaş dəfələrlə getdiyimiz yerə baş çəkər, yenidən evə dönərdi. O qədər gedib-gələrdi ki, eyni vaxtda həm evə nəzarət etmiş olurdu, həm də biz geri dönəndə bizimlə birlikdə qayidardı. Çox vəfalı it idi Qarabaş. Son vəfasını da kənddən çıxmamaqla göstərdi. Biz qoyub gəlsəkdə o, yenə evimizi qorumaq üçün evə döndü...

Kənddən çıxanda qardaşım mal-qara ilə bərabər Qarabaşı da özü ilə götürür. Lakin vəfalı it Günbəzin yanına çatanda sanki geri dönüşün olmadığını başa düşüb qayıdır. Qardaşım nə qədər çalışsada, nə qədər səsləsədə Qarabaşı geri qaytara bilmir. Qarabaş uzaqlaşıb dayanır, qardaşım gözdən itənəcən arxasınca uzun-uzadı baxır və ilk dəfə olaraq qardaşımı və mal-qaranı tək buraxıb evə dönür.

Anamın xatırladıqlarından: “Oktyabrın 25-i idi. Kişidə, oğlumda işə getmişdi. Məndə sacda yuxa bişirirdim. Əvvəl qardaşım xəbər gətirdi ki, mühasirədəyik. Erməni Horadiz yolunu bağlayaraq hücuma keçib. Ağır döyüş gedir, düşmənin qarşısını almaq çətin olacaq. Tezliklə kəndə çatacaqlar. Əhali əsir düşməmək üçün Araz sahilinə çəkilir. Sonra böyük oğlum işdən qayıtdı. Dedi camaat kənddən çıxır sən hələ çörək bişirirsən. Qalan gündələri birləşdirib fətir bişirdim. Kişi də gec gəldi. Heyvanlara ot biçməyə gedibmiş. Bir neçə dəst yorğan-döşək və bir neçə zəruri əşyalar maşına yükləyib Araza tərəf getdik. Böyük oğlum da məhəllənin kişiləri ilə bərabər mal-qaranı Araza tərəf sürdü. Evdən çıxanda saat beş olardı. Toyuq-cücələri, ördək və qazları yerinə yığıb dən verdim. Hinin qapısını azca aralı qoydum ki, gec qayıtsaq, ya da heç qayıtmasaq içəridə ac-susuz qalmasınlar. Qabdakı dəni də aşırıb yerə tökdüm. Evdən çıxarkən düşünürdüm ki, bir-iki gün Araz sahilində qalıb, ara sakitləşəndə geri dönəcəyik. Ona görə də çay qaynatmaq üçün samavar, çörək, pendir, yağ və bir də qazan götürdüm ki, bəlkə Arazın qırağında ocaqda yemək bişirərik... Bütün kəndlər Araza üz tutmuşdu. Axşam Mincivan körpüsünün yaninda qaldiq. 26-sı axşamüstü Muğanlı kəndi istiqamətindən Arazı keçdik. Dörd gün Arazın o tayında çayboyu səhərdən-axşamacan gəzdim. Döyüşdə olan kiçik qardaşımdan və oğlumdan xəbər yox idi. Onları axtarırdım. İrandan baxırdıq – kənd yanırdı. Dörd gün o taydan od içində yanan kəndə baxdıq. Kəndlə bərabər içim də yanırdı. Amma baxıb şükür edirdim ki, o odun içində deyilik, sağıq, gedib övladlarımıza sahib çıxa biləcəyik. Oktyabrın 29-da meşəətəyi və dağətəyi kəndlər də Arazı keçdi. Beşinci gün - oktyabrın 30-da ən son Şabanovun dəstəsi Arazı keçdi. Şükür ki, oğlum da, qardaşım da sağ idi. Allaha şükür etməkdən başqa əlimizdən nə gəlirdi ki? Dörd gündür yanan kəndin boğuq tüstüsü qalxırdı. O tüstüyə baxa-baxa oradan uzaqlaşdıq.”

Qardaşım deyir ki, erməni kəndə girəndə birinci mərmini məktəb binasına, ikinci mərmini isə XIII əsrdə bəri kəndimizin atributuna çevrilən Günbəzə atdı. Çünki, uzaqdan kəndə baxanda ən çox diqqət çəkən onlar idi.

...Mən şəhər həyatına çaşqın hislərlə başlamışdım. Sevincim kədərimə qarışmışdı. Ailəm yurd-yuvamızı tərk edib Arazı keçəndə mən tələbə olmuşdum. Kədərli olsamda sevinməyə səbəb vardı, ən böyük arzuma çatmışdım, amma ürəkdən sevinə bilmirdim. Kədərim böyük idi, ya sevincim anlaya bilmirdim. Qarşıda çətinliklər olduğunu düşününcə birazda qorxurdum.

Qaçqınlığın ilk günlərində qəribə bir hiss yaşadım. Məskunlaşdığımız otaqda tək oturmuşdum. Birdən mənə elə gəldi ki, evimizdə qoyub gəldiyimiz mebellər canlıdırlar. Bağımızdakı gilas ağacı və ev əşyalarımız sanki onları atıb gəlmişik deyə bizi qınayırlar, vəfasızlıqda günahlandırırlar və bizdən küsüblər. Elə bil hər şey dilə gəlib deyirdi ki, biz ömrümüz boyu sizə xidmət etmişik, amma siz bizi atıb getdiz. Mənə elə gəlirdi ki, hər şey gerçəkdir və mən onu hiss edirəm. Hiss etdikcədə göz yaşlarımı saxlaya bilmirdim. Heç vaxt unutmadığım və yəqinki, ömrümün sonuna kimi unutmayacağım bu hissi izah etməkdə aciz qalmışdım.

Hisslərimi, düşüncələrimi gizlədən biri idim. Suallar beynimi yorurdu. Özümü toplayıb, mənə rahatlıq verməyən “nə edəcəyik?” sualı ilə anama müraciət etdiyimdə əmin bir səslə ”Camaat necə, bizdə elə” – dedi. Nə zəhmətlərlə tikib-qurduğu evini, əkib-becərdiyi həyət-bacasını qoyub gələn, bir həftə Arazın o tayında çay boyu yuxarı-aşağı gəzərək döyüşçü oğlundan, qardaşından xəbərar arayan anamın cavabı məni həm təəccübləndirdi, həm də “çiynimdən yük götürüldü” ifadəsinin sadəcə söz olmadıgını, gerçək yaşatısını hiss etdirdi. Bəkə özudə bilmədən məni ayağa qaldırmışdı anam. Öz-özümə “ana gücü”, “ana dayağı” bu imiş dedim. Bir neçə aydan sonra isə yaylığı başından sürüşmüş 44 yaşlı anamın ağarmış saçlarını görındə sanki məni ildırım vurdu. Mənə elə gəldi ki, o saçlar bir gecədə ağarmışdı. Göz yaşlarımı gizlətmək üçün tez eyvana çıxdım. O an başa düşdüm ki, əslində anam nə qədər dərd çəkir. O sozləridə məni ümüdsüzlükdən qorumaq üçün deyirmiş.Yaşamış olduğum bu iki hissi deyəsən mən heç vaxt unutmayacağam.

O vaxtlar heç sevməzdim kimsə mənə “haralısan?” deyəndə. Ona görə yox ki, haralı olmağımdan utanırdım, mən əslində bu sualın cavabından yaranan ikinci sualı - “qaçqınsız?” sualını eşitmək istəmirdim...

Amma həyat davam edirdi. Yaşamağa “ev”, yeməyə çörək, geyməyə paltar tapdıq. Oxuduqda, işlədikdə, ailədə qurduq, övlad sahibi də olduq. Bircə kəndimizi tapmadıq.

Indi o vaxtdan çox illər keçib – düz 25 il. Bir igidin ömrü deyərlər. İndi nə o kənd var, nə o ev var, nə güllü bağımız, nə də tut ağacımız. Nə Dədəm var, nə də Dədəmgil. Nənəm də çoxdan dünyasın dəyişib. İndi uşaqlarımız “Mən uşaq olanda...” deyə sözə başlayır. Gün keçir, ay keçir, il keçir - ömür keçir yəni. Amma orda, uzaqlarda bir kənd var... elsiz-obasız qalmış, yollarını kol basmış, cığırları itmiş, damları tökülmüş, ocağı sönmüş, ağacları qurumuş, izsiz, ləpirsiz bir kənd... yetim uşaqlar kimi boynu bükük, gözü yolda, küskün, kədərli bir kənd... Xatirələrlə dolu uşaqlığımızı qoyub gəldiyimiz kənd... Məmmədbəyli kəndi. O kənd bizim kəndimizdi... getməsəkdə, görməsəkdə o kənd bizim kəndimizdi. Indi o kəndə getmək arzu, indi o kəndi görmək yuxudu.

25 ildir xatirələrlə anırıq səni doğma kəndimiz. Indi yaz gələndə kəndin ətrini arayir burnumuz, xörək bişirəndə kəndin dadini axtarır ağzımız. Yağış yağanda kəndə dolu yağır yəqin deyirik, gün qızanda kəndin sərin mehini arzulayırıq. Qar yağanda... qar yağanda pəncərənin önünə keçib kədərlənirik ki:

Qar yağırmı görəsən yenə bizim ellərə

4
{"b":"614716","o":1}