Şionozaki Şinya öz araşdırmalarında “Kəşkül” jurnalının məqalələrindən də istifadə etmişdir. O qeyd edir ki, “Kəşkül” jurnalında “azərbaycan dili” ifadəsi dəfələrlə işlədilibdir.
Bəs “azərbaycanlı” ifadəsi, milləti necə yaranıb? sualına cavabı Şionozaki yenə “Kəşkül” jurnalında cavab axtarmağa çalışır. O qeyd edir ki, “Kəşkül” jurnalında millət adı vahid olaraq göstərilməmişdir. “Qafqaz müsəlmanları”, “müsəlmanlar”, “türklər”, “Qafqaz türkləri” ifadələrinə daha çox rast gəlinir. Şionozakiyə görə “Kəşkül” jurnalının 115-ci sayında (16 Noyabr 1890) ilk dəfə millət olaraq “azərbaycanlı” sözü işlənməyə başlayır.
O qeyd edir ki, “Kəşkül” jurnalının 115-ci sayında dərc olunmuş məqalədə millət olaraq özlərinin “müsəlman” və ya “tatar” olmadıqları aydın şəkildə qeyd olunur. Millət olaraq, dil, adət-ənənə, xüsusiyyət uyğunluğu əsas götürülərək, Araz çayından cənubda yaşayan insanlarla birlikdə “azərbaycanlı” ifadəsinin işlənməsi məqsəduyğun görülür. İranın şimalında “Azərbaycan” adlı regionun olmasının da təsiri olur.
Təbii ki, Şionozaki Şinya öz kitabını yazarkən, 19-cu əsrin sonları və 20-ci əsrin əvvələrində çap olunmuş farsdilli, osmanlı və rus dilli kitab, jurnal və qəzetlərdən daha çox oxumuş və istifadə etmişdir. Kitabında da bunun təsiri açıq şəkildə görsənir. Düşünürəm ki, bu mövzu bir kitablıq mövzu deyil və üzərində kifayət qədər işləmək olar. Amma bir elmi iş olaraq bu kitabın çap olunması Yaponiya elm dünyasında bu mövzuya marağı daha da artıracaq və əks mövqelərin yaranmasına təkan verəcəkdir. Düşünürəm ki, Şionozaki Şinya bir elm adamı olaraq əldə edə bilmədiyi dərsliklər, kitablar, jurnallar da ola bilər. Onların da tapılması, digər fikirlərin ortaya qoyulması və bu mövzuda elmi müzakirələrin davam etdirilməsinə Yaponiyanın elm dünyasında böyük ehtiyac vardır.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra da “azərbaycanlı” yoxsa “Azərbaycan türkü”, eyni zamanda, “azərbaycan dili” və ya “Azərbaycan türkcəsi” ətrafında kifayət qədər müzakirələr, elmi qarşıdurmalar olmuşdur. Bunun özü hələ də məsələnin aktual olmasından xəbər verir. İnanıram ki, sağlam müzakirələr sonunda ən uyğun variantı seçmək olar. Mən özüm bir azərbaycanlı kimi “azərbaycanlı” və “azərbaycan dili” ifadələrinin tərəfdarıyam, necə ki, qanunvericiliyimiz də bunu qəbul etmişdir.
Şionozakinin kitabında Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Abbasqulu ağa Bakıxanov, Məhəmməd ağa Şahtaxtinski haqqında geniş məlumat verilib. Eyni zamanda Nizami Gəncəvi və Şah İsmayıl Xətainin fars yoxsa azərbaycanlı olması ilə bağlı tənqidi müzakirələr də yer almışdır.
Azərbaycan Xalq Cumhuriyyəti və Məmməd Əmin Rəsulzadə haqqında
Azərbaycan Xalq Cumhuriyyəti (bundan sonra “AXC”) ilə bağlı əsərlər də yapon dilli ədəbiyyatda mövcuddur. Lakin mənim araşdırmalarıma görə, yaponiyalı elm adamları AXC-dən daha çox Məmməd Əmin Rəsulzadənin tədqiqatına maraq göstərmişlər. Yaponiyada ən əsas Rəsulzadə araşdırmacısı Şizuoka Mədəniyyət və İncəsənət Universitetinin professoru Tokumatsu Katsumi-dir. Onun elmi tədqiqat sahəsi Azərbaycanın müasir tarixi, mövzusu isə 20-ci əsrin birinci yarısında Azərbaycanın siyasi tarixi ilə bağlıdır. 1995-ci ildə “Dağlıq Qarabağ problemi və İran”, 1998-ci ildə “İran və Sovet arasında, Azərbaycan Milli Hökümətinin 1 ili”, 2008-ci ildə “Azərbaycan dili” adı altında elmi məqalələri çap olunmuşdur.
Tokumatsu Katsumi olduqca maraqlı elm adamıdır. O, özü haqda və elmə gəlməsi haqda yazılarında qeyd edir ki, hələ orta məktəbdə oxuyarkən İranda baş vermiş inqilab, onda Yaxın Şərq regionuna və İslama qarşı böyük maraq oyatmışdır. Universitetə daxil olduqdan sonra Yaxın Şərq, xüsusilə İranı araşdırmağı qarşısına məqsəd qoymuşdu. Lakin magistraturaya daxil olduqdan sonra İranda olan azərbaycanlı əhalinin çoxluğu və onun tarixi mövqeyinin vacibliyini anlayaraq, azərbaycan dilində danışan insanların yaşadığı regionun (Cənubi Azərbaycan) tarixini araşdırmaqla, millət və xalqla bağlı problemləri düşünən zaman hər hansısa bir çıxış yolu tapacağını düşünmüşdür. Onun Azərbaycan və azərbaycanlılarla bağlı elmi araşdırmaları da məhz bundan sonra başlamışdır. Cənubi Azərbaycanla bağlı araşdırmalar edərkən, əsas diqqət yetirdiyi şəxs, Rusiyada baş vermiş inqilabdan sonra Azərbaycanda yaranmış hökümətin rəhbəri, eyni zamanda İran və Türkiyədə aktiv fəaliyyət göstərmiş Rəsulzadə olmuşdur. O, Rəsulzadənin şəxsində bu regionda yaşayan millətin yaranması, xalq kimi formalaşması prosesini dərinliklərinədək tədqiq etmək qərarını vermişdir. Tokumatsu həm də Türkiyədə tələbə kimi təhsil almış, mövcud dövlət sərhədlərini aşan insan şəbəkəsinin analizinin vacibliyinin fərqinə varmışdır. O, qeyd edir ki, Şizuoka Mədəniyyət və İncəsənət Universitetində dərs deməyə başladıqdan sonra fərqinə varmışdır ki, yaponiyalılar Orta Şərq və İslamla bağlı demək olar ki, heçnə bilmirlər. Qədim sivilizasiyaların yarandığı, hər zaman çoxmillətli, çoxdinli, qarışıq bir cəmiyyət formalaşdırmış Orta Şərqin hələ də sadəcə “islam dininə inanan ərəblərdən ibarət olması” kimi sadəcə bir rəngli görmələri onda dərin təəssüf hissi oyatmışdır.
Tokumatsu Katsumi 2010-cu ildə Məmməd Əmin Rəsulzadənin “Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri” əsərinin bir hissəsinin yapon dilinə tərcüməsini etmiş və Şizuoka Mədəniyyət və İncəsənət Universitetinin tədqiqat külliyatında çap etdirmişdir.
Tokumatsudan əlavə olaraq, Hokkaydo Universitetinin doktorantı olmuş Nakajima Teppeyin 2009-cu ildə qələmə aldığı “Müasir Azərbaycanda millətçilik, Məmməd Əmin Rəsulzadə (1884-1955) timsalında” (The nationalism in modern Azerbaijan: focusing on Mehmet Emin Resulzade (1884-1955)), İşihara Keniçinin yazdığı “Məmməd Əmin Rəsulzadə və İran” (2003), “Məmməd Əmin Rəsulzadə: Bir demoratiya fəalının həyatı və yaradıcılığı” (2005), “Rəsulzadə və İran inqilabı” (2006) elmi əsərlərini göstərmək olar.
İşiharanın 2005-ci ildə qələmə aldığı, Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən əsərində o, Rəsulzadənin həyatına diqqət yetirməklə yanaşı, onun qələmə aldığı əsərlərin tərkibi haqqında məlumatlar vermişdir. Bu əsərləri oxuyub analiz edən İşihara qeyd edir ki, Rəsulzadə bəzən jurnalist, bəzən siyasətçi, bəzən də elm adamı kimi çoxtərəfli və geniş fəaliyyət göstərmiş, yüksək intellektual bir şəxsiyyət olmuşdur. Rəsulzadənin həyatının son anlarına kimi var gücü ilə, durmadan-yorulmadan qələmə aldığı əsərlərdən də bunu görmək olar. İşihara əsərinin nəticəsində qeyd edir ki, sosial-demokrat təşkilatı olan “Hümmət”-də fəaliyyət göstərmiş Rəsulzadənin sonradan fikrini dəyişərək milliyətçi siyasi partiya olan “Müsavat”-a üzv olma səbəbini izah edə bilməmişdir. Bunun üçün əsas şərt “Hümmət” jurnalında olan Rəsulzadənin yazılarını oxumaqdır ki, təəssüflər olsun ki, İşihara bu yazıları əldə edə bilməmişdir.
İşiharanın 2006-cı ildə çap edilmiş elmi yazısında isə, Məmməd Əmin Rəsulzadənin jurnalist kimi Bakıda çap olunan elmi yazı və məqalələrini tarixi sənəd kimi istifadə etməklə, onun 1905-1911-ci illərdə baş vermiş İran inqilabını necə izləməsi, necə qiymət verməsi analiz olunur.
Qeyd olunur ki, fars dilli jurnalları oxuyub, İrandakı rejim haqda məlumatlar yayan Rəsulzadə, İranda baş vermiş inqilabın əsas düşməni kimi qubernator və nazirləri, rüşvətə bulaşmış hakim dairələri tənqid edirdi. O qeyd edirdi ki, ifadə azadlığı, əsərlərin çap olunması azadlığı əsas şərtdir. Rəsulzadənin Rəştə olan səfəri, burada qələmə aldığı tənqidi yazıları da İşiharanın diqqət mərkəzində olmuşdur.
Dağlıq Qarabağ araşdırmaları ilə bağlı
Yaponiyada müasir Azərbaycanı araşdırmaq istəyirsizsə onda hökmən Hirose Youko adlı elm adamını tanımalısız. Bu xanım hələ gənc yaşlarından Azərbaycanla, Dağlıq Qarabağla bağlı bir çox elmi məqalələr, kitablar çap etdirmişdir. Yaponiyada hal-hazırda Dağlıq Qarabağ problemi ilə bağlı elmi məqalə yaza biləcək şəxsləri aşağıda qeyd etmək istərdim. Bunlardan ən nəhəngləri Tokio Universitetinin professoru Kimitaka Matsuzato, Vaseda Universitetinin professoru Takayuki Yoşimura, Hokkaydo Universitetinin tədqiqatçısı Taçibana Yu və Keio Universitetinin professoru Hirose Youkodur. Kyotoda yerləşən Doşişa Universitetinin professoru Tsukimura Taro da birbaşa Azərbaycan və ya Dağlıq Qarabağ probleminin araşdırmacısı olmasa belə, bu mövzu ilə bağlı kitablarında qeydlər etdirmişdir. Mənim müşahidələrimə görə, adlarına çəkilən elm adamları içərisində Azərbaycanın mövqeyinə daha yaxın olan elm adamı Hirose Youkodur. Takayuki Yoşimura erməni dilini bilib, Ermənistanda təhsil aldığına görə nisbətən Ermənistan tərəfinin təsiri hiss olunur. Amma bununla belə yazılarında kifayət qədər erməni tərəfini tənqid edən məqamlar da az deyil. Elm adamı kimi orta mövqeyi tutmağı bacarır. O həm də Dağlıq Qarabağla bağlı elmi yazısında bu konfliktə dini don geyindirməyə çağıranları qınayaraq bunun doğru olmadığını, dinin əsas rol oynamadığını vurğulayır. Münaqişənin milli münaqişə olmasını da qəbul etmir. O, qeyd edir ki, bu sırf ərazi problemidir.