***
Nofəlin şahzadə paltarında gəlişi bütün qəbiləni necə sevindirmişdisə, camaat “Qəhrəman Nofəl… Qəhrəman Nofəl…” deyə onu salamlayırdı. Dünən Nofəlin qəbilə üzvlərinə “biz sizi cənnətə aparacağıq, bundan sonra cənnətdə yaşayacaqsınız!” deməsi hər kəsi çox sevindirmişdi. Bütün qəbilə üzvləri Yəzid ibn Məzyədə, qəhrəmanları Nofələ dualar qılıb, Allaha şükr edirdilər.
Əl-Müləvvəhin isə ürəyində ikili hisslər baş qaldırmışdı. Bir yandan gözünü açandan qoynunda böyüdüyü, ata-anasının qəbirləri olan bu qumlu səhralığı qoyub getmək, digər tərəfdən də atasının ölümqabağı dediyi sözlər: “Çalış bu yerləri tərk elə get. Buralar bizə düşmədi. Bəxtini başqa yerlərdə sına”. Atasının vəsiyyəti onun qərarına təsir etsə də, yenə tərəddüd içində idi. Müqəddəs Kəbədən uzaq düşməkdən qorxurdu…
Həyatın elə dönüş nöqtələri olur ki, köklü qərar qəbul etmək lazım gəlir. Lazımi zamanda lazımi yerdə olmaq, əslində, Allah ilə olmaq deməkdir. O səninlədirsə, heç nədən qorxmaq lazım deyil. Müləvvəh əmindi ki, həqiqi inamla Allaha bağlandığı üçün onu ən doğru qərara yönəltmiş olacaq – bundan sonra hər şeyi zamanın axarına buraxmaq qalırdı. İndi qəlbində çoxdan əlini üzdüyü bir ümid də cücərdi. Bəlkə, Allah ona Nofəlin cənnət dediyi o torpaqlarda bir övlad da verdi. Müləvvəh gecənin qaranlığında şadyanalıqla qılınc rəqsi edən qəbilə igidlərinə baxarkən göy üzündə bir işıq zərrəsi ayrılıb hərəkət etdi. Ulduz düz onun başı üzərində dayanıb, sanki bir az da gücləndi, bir az da irəli gəldi.
Müləvvəh bədəninə dolan qəribə istilikdən əvvəlcə qorxdu, sonra bu istilikdən xoşlandığını, sanki yeni bir adam olduğunu hiss etdi. Aman Allahım, bu həmin o istilik idi! Otuz yaşından bu yana bir gün qəfildən hiss etmişdi ki, belində, qarnında, ayaqlarında, beynində, gözlərində hiss etdiyi o qəribə istilik daha yoxdur. Həmin gün düşünmüşdü ki, həmən istilik insan bədənini tərk etməsə, yəqin o heç zaman ölməz. İndi o istiliyi yenidən hiss etməsi onu həyəcanlandırdı. Bu, dünyanın ən şirin yanğısı, ən müqəddəs susuzluğu idi. Sanki birdən-birə hər şeyi, insanları, bu qumlu səhranı, dəvələri, ayı, ulduzu daha çox sevməyə başladı! Çadıra keçib Rüqəyyanı bağrına basdı, lap gəncliyində olduğu kimi…
IV fəsil
İnsan onu ən böyük arzusuna qovuşduran bir torpağı müqəddəs saymazmı?! Üstəlik, bu torpaqlar cənnəti xatırladırsa… Müləvvəh qəbiləsi ilə Arrana köç etdikdən bir ay sonra arvadının hamilə olduğunu öyrəndi. Onun qəbiləsini Bəndovan yaxınlığında yerləşdirdilər. Dəniz sahili ilə meşəlik, dağlıq ərazilərdən ta Bərdəyə kimi uzanan, tacirlərin Çin yolu adlandırdığı yol boyu bütün ticarət karvanlarını qorumaq, vergi toplamaq, dövlətin qayda-qanunlarına riayət olunmasına nəzarət etmək vəzifəsi ona və Şeybani qəbiləsinə tapşırılmışdı. Hər iki tayfaya ümumi nəzarət isə Nofələ tapşırılmışdı.
Fəttah evini onlardan bir az aralıda tiksə də, Azərbaycana köç edəndən bəri onun da üzü gülür, daha Müləvvəhi görəndə üzünü yana çevirmirdi. Müləvvəh hələ dünyaya gəlməmiş övlad payı üçün Allaha hər gün şükr edib, bu sevinci Fəttaha da bəxş etsin deyə yerin-göyün sahibinə yalvarırdı.
Bir neçə gün sonra Müləvvəh onu rahat buraxmayan fikirlərini arvadı ilə bölüşəndə Rüqəyyanın gözləri doldu:
– Arxayın ol, Sayda da hamilədir. Dünən Səidin arvadı bizi barışdırdı. Dedi ki, ikinizə də Allah lütf edib, övlad verib. Sayda hönkürüb ağladı, sonra da boynumu qucaqladı, barışdıq.
Müləvvəh əllərini açıb: – Sənə şükürlər olsun, Allahım, məni bu töhmətdən qurtardın, – deyə ürəkdən şükür etdi. Fəttahın övladı olmasaydı, ona Nofəli öz tərəfinə çəkdiyi üçün məzəmmət və nifrəti bitib-tükənməzdi.
Müləvvəh Bəndovanın küləyindən qorunmaq üçün evinin ətrafına şam ağacları əkmişdi. Övladı bu ağacların kölgəsində oynayacaqdı.
Yəzid ibn Məzyəd artıq Bəndovanda yeni bir şəhərin əsasını qoymaq üçün göstəriş vermişdi. Paytaxt Bərdədə otursa da, ibn Məzyəd burada bir liman şəhəri yaratmaq istəyirdi. Artıq xilafətin hər yerindən memarlar, xəttatlar, şair və rəssamlar Arran ərazisinə gətirilirdilər. Bu torpaqların bərəkətli, xəyalları gerçəkləşdirən bir yer olmasına hər gün bir işarət vardı. Təxminən eyni vaxtda Səidin də arvadının hamilə olduğu xəbəri yayıldı. Nofəl sevinsə də, əmisinin övladından daha çox Müləvvəh və Rüqəyyanın övladını dünyaya gəlişini gözləyirdi. Özü də istəyirdi ki, məhz oğlan doğulsun, ona qardaş olsun, o da bildiyi hər şeyi qardaşına öyrətsin. O özü kimi at belində, əli qılınclı, qorxmaz bir qardaş arzusunda idi.
Bəndovana köçürüldükdən sonra Fəttahın əmisi əl-Qasımi buralara elə valeh olmuşdu ki, illərlə səfərə çıxdığı ticarətindən əl çəkib oturaq həyata keçmişdi. O, Lökbatanda dəvə karvanlarının yolu üstə kiçik bir karvansara inşa edib, gəlib-gedənlərin qarnını Şamaxının ən dadlı qoyunlarının ətindən hazırladığı şaurmalarla doyururdu.
Əl-Qasımi əvvəlki təkəbbürünü bir az azaltsa da, xasiyyəti heç dəyişməmişdi. Bir Ramazan iftarında Nofəlin ona verdiyi sualı isə heç unuda bilmirdi. “Ağıl yaşda deyil, başdadır” misalını öz-özünə təkrarlayır, Nofəlin suallarına bir vaxtlar çətinliklə də olsa, verdiyi cavabdan başqa cavab tapa bilmirdi.
Pislikləri kainatda kim yaradıb?
Günahlara yaranışdan Yer kürəsi nədən batıb?
Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?
İbadətmi yer üzünün çıxış yolu, yoxsa ölüm?
Bədəvi ərəblərdə yalnız karvan soyan quldurlar şair olurdu. Tacirlərdən, dövlət adamlarından, din xadimlərindən şair nadir hallarda çıxardı. Bu, karvanbasanların daha azad ruhlu qəbilələrdən olduqlarına dəlalət etsə də, şeir yazmalarına səbəb çoxlu suallarının olması idi – onlar dünyanı məktəbdən deyil, həyatdan öyrənirdilər.
İndi Nofəlin sual dolu şeirini hər gün təkrarlaya-təkrarlaya şaurma satan əl-Qasımini, əslində, nə sual, nə şeir, nə də tutarlı bir cavab maraqlandırırdı. Onu maraqlandıran yalnız pul idi.
Müləvvəh Rüqəyyanın kənizi Səliməyə tapşırmışdı ki, son dönəmlər arvadından daha da muğayat olsun. “Çalış onu gözdən qoyma. Yaddan çıxarar, ağır bir şey götürər. Bax ki, Rüqəyya vaxtlı-vaxtında doğru-düzgün yemək yesin. Yuxusuna, istirahətinə diqqət etsin”. Müləvvəh karvan yollarında, iş başında olduğundan ürəyi rahatlıq tapmır, fikri-zikri arvadının və doğulacaq övladının yanında qalırdı.
Səlimə ona tapşırılmış işin öhdəsindən yaxşı gəlirmiş kimi davransa da, artıq Rüqəyyanı əsəbiləşdirməyə başlamışdı. Qadın, demək olar, hər şeyə qarışır, “otur, sən tərpənmə”, “ona dəymə”, “bunu götürmə”, “yemək ye”, “su iç” və bu qəbildən daha nələrsə danışdıqca, Rüqəyyanın acıqlanmağa üzü gəlməsə də, hiss edirdi ki, Səlimə onu bezdirir. Bu gün isə Rüqəyya bir şeyə əmin oldu ki, Səlimə təkcə onu bezdirməyib, səsi gələndə uşaq da tərpənib qarnını təpikləyir, sanki etiraz edirdi. Qadının səsi kəsilən kimi uşaq sakitləşirdi. Eyni təpkiləri uşaq əl-Qasımi ilə arvadı onlara dəvətsiz ziyarətlər edəndə də verirdi. Rüqəyya hiss edirdi ki, bətnindəki adi körpə deyil…
Vaxt yaxınlaşdıqca Müləvvəh övladının dünyaya təşrif buyurmasını həyəcanla gözləyir, arvadını bir an belə tək qoymamağa çalışırdı. Bir gün günəş batandan sonra möcüzə baş verdi. Həmin gün qəbilədə bir-birinin ardınca üç körpə dünyaya gəldi – Müləvvəh və Səidin oğlu, Fəttahın isə qızı doğuldu. Mamaçalar bütün gecəni ora-bura qaçışırdı, qəbilə üzvlərinin sevinc və həyəcanı bir-birinə qarışmışdı.
Uşaqlar üçü də ay parçası kimi gözəl, sağlamdılar, vaxtlı-vaxtında yeyir, yatırdılar. Bircə iş vardı ki, Qeys durmadan ağlayırdı. Körpəni yırğalamaqdan Müləvvəhin də, Rüqəyyanın da qolları sözlərinə baxmır, onun səsi bütün qəbiləni başına alırdı. Neçə loğman çağırsalar da, körpənin dərdinə çarə tapa bilmirdilər. Uzun illər sonra övlad sevincinə qovuşan Müləvvəh və Rüqəyya bir neçə gün ərzində sanki neçə il qocalmışdılar.
Balaca Qeys ana bətnində iki fərqli əlin istisini həmişə hiss edir, bu əllərin onu qoruduğunu duyurdu. Amma son vaxtlar ona doğru qara bir kölgənin gəldiyinin fərqində idi. Bu kölgənin özü də, səsi də Qeysi qorxudurdu. Dünyaya göz açıb gün işığına çıxandan sonra həmin qara kölgənin həniri daha yaxından gəlir və Qeys dayanmadan ağlayaraq, sanki öz valideynlərini xəbərdar etməyə çalışırdı.