Vahid Məmmədli
QIRMIZI BÖYÜRTKƏN
Qırmızı böyürtkən
Enli yol kəndin düz ortasından keçərək, onu iki yerə bölür. Kəndin arxasında meşəliklərlə örtülü uca dağlar, bir qədər aşağıda isə şam və küknar meşələridir. İrəlidə kənd dənizin qumlu sahillərinə dirənir. Bu kənd bəlkə də dünyanın ən gözəl kəndidir. Özü də sərhəddə yerləşir. Bax meşənin arxasında görünən o dağların üstü ilə sərhəd xətti uzanır. Həmin xəttin o biri tərəfində Şərqin ən qədim və ən böyük ölkələrindən biri yerləşir…
Uzun illər sərhədlər bağlı idi. Bu gözəl kənddən sərhəddin o biri tayında yerləşən ölkəyə gedib-gəlmək kənd sakinləri üçün mümkünsüz idi.İndiki kimi asan deyildi. Əvvəlki quruluş ləğv olunana qədər insanlar əkin sahələrində becərdikləri məhsulu dövlətə təhvil verib, aldıqları əmək günü məvacibi hesabına dolanırdılar. Amma bu kənd camaatının əlavə gəlir yeri də vardı.
Hər il may ayının ortalarından payıza qədər, kəndin uşağından tutmuş qocasınadək kəndin ətrafında, meşə qırağında və elə bəzilərinə həyət çəpəri olan böyürtkən kollarının meyvələrini vedrələrə yığıb, satmaq üçün, hərə öz həyətinin qapısı ağzında üzü şəhərə, ordan da şimala və daha neçə -neçə ölkələrə gedib çıxan yol boyu düzürdülər.Beləliklə də kənd camaatı dolanır, oğul-uşaq sahibi olurdular.O vaxtlar kənddə iki böyük ev var idi. Biri sədrin idi, o birisi isə kənd məktəbinin direktorunun.
Amma illər keçdi… Əvvəlki quruluş dağıldıqdan sonra sərhədlər açıldı. Bütün ölkədən, elə bu kənddən də sərhəddin o biri tərəfindəki ölkəyə gediş -gəliş asanlaşdı.Sərhəddə böyük gömrük məntəqəsi açıldı.
İndii kənddə çox şey dəyişmişdi.Kənd camaatının geyimindən tutmuş, bəzi adətlərinədək.Hər gün də kəndin ortasından keçən ana yol ilə bir-birindən qəşəng, rəngarəng traylerlər şütüyürdü. Çox uzaq ölkələrdən yola çıxıb ta şimala kimi gedib çıxan traylerlər…
Amma kənddə bir şey dəyişməmişdi. Bu da yenə enli yol boyu, hər kəsin həyət qapısı ağzında düzülmüş içəriləri böyürtkən dolu vedrələr…
qırmızı börütkənBu kənddə bir qeyri adilik də vardı.Bu da onda idi ki, kənddə əsasən qırmızı böyürtkən bitirdi. Qara böyürtkən tək-tək adamların həyətlərinin ətrafında kök salmışdılar. O vaxtlar qara böyürtkənlərə tələbat daha çox idi. Daha da baha satılırdı. Şəhərdən gələnlər əsasən qara böyürtkən almaq istəyirdilər.Və bu kənddə ən çox qara böyürtkən kolları olan həyət Ünalın ata-anasının yaşadığı həyət idi. Ünal sərhədlər açıldıqdan xeyli sonra doğulmuşdu…
İllər keçdi… Ünal böyüdü… İki gündən sonra onun oxuduğu məktəbdə son zəng olacaqdı.Ünal on birinci sinifi başa vuracaqdı.
O, həyətlərindəki qoca tut ağacının gövdəli budağı üstündə oturub dünyanın ən şirin tutlarından yeyə -yeyə kəndin o biri tərəfində yerləşən evlərə doğru baxırdı. Uzağa dikilmiş gözlərini oradan çəkməməyə onu məcbur edən hər an, hər saniyə sevgilisi Paknuru görmək ümidi idi. Paknur onunla bir sinifdə oxuyur. Hər gün də onu məktəbdə sinif otağında lap yaxından görür. Amma o, Paknuru görməkdən doymur.
Paknuru sevdiyini hələ səkkizinci sinifdə qıza demişdi. Paknur ona nə hə cavabı vermiş, nədə ki, yox söyləmişdi. Eləcə yam-yaşıl gözlərini sinif otağının pəncərəsindən məktəbin arxasındakı ərik bağına doğru dikib:
–Mən ingilis dili müəlliməsi olacağam,– demişdi.
O da pəncərəyə doğru addımlayıb Paknur ilə yanaşı durdu.Aman Allah! Bu qız necə də gözəl idi. Sevgilisi bəlkə də kəndlərini dövrəyə alan dağlardakı çiçəklərdən daha təzətər, xoş qoxulu və cazibədar idi. İndii bu gözəlliyə heyran olduğu məkan, sinif otağı onun üçün ən müqəddəs, ən mərhəm və doğma yer idi. Məhz burda, sinif otağında o Paknura öz sevgisini bəyan etmişdi.Odur ki, Ünal da çox düşünmədən, -Mən də müəllim olacağam,-dedi.
–Doğrudan?,– deyə Paknur, uşaq sadəlöhvlüyü ilə soruşdu.
– Hə, qərarım qətidir. Bir yerdə, elə bu məktəbdə müəllim işləyərik,-dedi…
Uğultulu turbo mühərrikin səsi Ünalı xəyallardan ayırdı.Az qaldı ki, tut ağacının budağı üstündən yerə gəlsin. Yola tərəf boylandı.Enli yolun ortası ilə qızılı rəngdə olan «Lombarcini» ildırım sürəti ilə keçdi. Son zamanlar bu yoldan çox yaraşıqlı maşınların keçdiyini görmüşdü Ünal, amma beləsini görməmişdi. Yadına düşdü ki, bu Abisalamın «Lombarcinisidir». O, irəli Abisalamın kənd evləri arasında göylərə ucalan dörd mərtəbəli villasına doğru baxdı. Lombarcini bir daha uğuldayıb, onun səsi eşidilməz oldu. Abisalam maşını artıq öz həyətində saxlmışdı.
…Bir vaxtlar bu kəndin demək olar ki, bütün uşaqları yaxşı oxuyur, yalnız bir arzu ilə yaşayırdılar.Şəhərə gedib, ali məktəbə daxil olmaq, oranı bitirib, ürəkləri istəyən bir işin qulpundan yapışmaq…
Təkcə Abisalam məktəbdə yaxşı oxumurdu. Məktəbin direktoru həmişə ona deyirmiş ki, bala sən də oxu, get adam ol…Yaxşı oxusan müəllim, mühəndis, həkim ola bilərsən…Yoxsa avara-avara gəzməklə heç nə əldə edə bilməzsən.Amma məktəb direktoru nə qədər səy göstərsə də Abisalam ipə-sapa yatmır.Bildiyini edir.Oxumadığı bir yana qalsın, davranışları ilə də dərslərin gedişini pozub, digərlərinin də oxumasına mane olur…
Başqa çıxış yolu görməyən məktəb direktoru nail olur ki, Abusalam məktəbdən qovulsun.Həmin gün, səkkizinci sinifdən qovulan Abisalam kəndin ayaq hissəsindən keçən dəmir yolunun kənarındakı kiçik stansiyada qatara minib, kəndi tərk edir.Elə o vaxtdan da Abisalamı gördüm deyən olmur.Ancaq bir qədər sonra məlum olur ki, Abisalam şimaldakıuzaq ölkəyə üz tutb…
O, vaxtdan yeddi il keçir.Bir neçə gündür ki, Abisalam kəndə qayıdıb. Özü də qızılı rəngli Lombarcinisi ilə.Amma Abisalam öz ata evinə qayıtmamışdı.Bir il əvvəl də o kəndə gəlmişdi. Onda gələndə çoxlu pul verib məktəb direktorunun hasar-hasara qonşuluğundakı həmkəndlisinin həyətini alıb, burdakı köhnə evi sökdürmüşdü.Hə onu məktəbdən qovduran direktorun qonşuluğundakı evi…Məktəb direktorunun evinə bitişik hasarın düz yanından bünövrə qazdırıb həmin bu dörd mərtəbəli villanı tikdirmişdi. İndii onun villası məktəb direktorunun köhnə evini kölgədə qoyurdu. Deyirdilər ki, Abisalam bünövrəni o qədər dərin qazdırıb ki, direktoun evi hətta çat verib…
Cəmi altı-yeddi il bundan əvvəl məktəbdən qovulan Abisalamın indii hər şeyi vardı.Dörd mərtəbəli villası, qızılı rəngdə olan Lombarcinisi, şimaldakı o ölkədə də hələ nələri olduğunu Allah bilirdi.Kənd camaatı danışırdılar ki, Əfqanıstandan tutmuş, üzü bəri, neçə-neçə ölkələrdən, kəndin qurtaracağındakı gömrükdən keçib gələn və şimala doğru şütüyən yaraşıqlı, bər-bəzəkli traylerlərin də çoxu Abisalamındır…O Abisalamın ki, altı-yeddi il əvvəl Şimaldakı o ölkəyə gedərkən oradakı insanların dilini də bilmirdi…
Kənd camaatı ondan da xəbərsiz deyildilər ki, axşamın saatlarında erkən yatıb, sübh tezdən oyanmağa adət etmiş məktəb direktorunu hər gün gecə ikidə-üçdə dəniz qırağındakı bahalı restoranların birindən qayıdan Abisalamın Lambarcinisinin turbo mühərrikinin uğultulu səsi yuxudan oyadırdı.Abisalam kəndə qayıtdığı gündən zavallı məktəb direktorunun yuxusuna haram qatılırdı. Məktəb direktoru o günü səbirsizliklə gözləyirdi ki, Abisalam nə vaxt şimaldakı ölkəyə qayıdacaq.
Ünal isə indi tut ağacından Abisalamın villasına doğru baxıb fikirləşirdi ki, gözəl villadır. Lambarcini də gözəldir. Abisalamın hər şeyi var. Köks ötürdü…Amma yox,– fikirləşdi Ünal, -Abisalamın Paknur kimi sevgilisi yox idi…
Bacı-qardaşlarının gülüş, qəhqəhə dolu səsləri onu xəyallardan ayırıb yenidən öz həyətlərinə qaytardı. Ata-anası, bacı-qardaşları həyətin arxasındakı kollardan böyürtkən yığırdılar.Hamının üzü gülürdü. Zarafat deyildi.Bu dəfə qap-qara böyürtkənləri xüsusi şövqlə yığmışdılar. Bu böyürtkənləri yığıb satdıqdan sonra, ata anası sabah ona son zəng günü geyinmək üçün gözəl ağ köynək, qara şalvar və par-par parıldayan ayaqqabılar alacaqdılar.Görəsən sevgilisi Paknur onu bu paltarlarda görüb nə deyəcəkdi…